Nurlana Məmmədzadə: İdmançılarımız akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarına ciddi hazırlaşıblar
Azərbaycan idmançıları akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarına ciddi hazırlaşıblar.
Bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə BrendSport.az-a açıqlamasında deyib.
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında 24 ölkədən 438 gimnastın iştirak etdiyini vurğulayan baş katib bildirib: “Onlar 12-18 və 13-19 yaş qruplarında çıxış edəcəklər. Azərbaycan komandası yarışlarda 12 idmançı ilə təmsil olunur. Gimnastlarımız yarışlara çox ciddi hazırlaşıblar. Azərbaycanlı gimnastların yarışlarda layiqli çıxış edəcəklərinə və mükafatçılar sırasında yer alacaqlarına ümid edirəm”.
Qeyd edək ki, martın 3-də start verilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarına martın 6-da yekun vurulacaq. Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi, qadın və qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayırlar.
Azərbaycanı yarışlarda 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.
Facebook-da paylaş