Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub
Milli Gimnastika Arenasında keçirilən Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub.
BrendSport.az xəbər verir ki, ölkənin ən güclü akrobatlarının iştirak etdikləri yarışda ümumilikdə 41 idmançı balans, temp və qarışıq hərəkətlər proqramında bacarığını nümayiş etdirib.
Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən gimnastlar qadın cütlükləri (balacalar 2007-2016, yeniyetmələr 2004-2010, böyüklər 2007-ci il və daha böyük), kişi cütlükləri (yeniyetmələr 2004-2010, böyüklər 2007-ci il və daha böyük), qarışıq cütlüklər (yeniyetmələr 2004-2010, böyüklər 2007-ci il və daha böyük) və qadın qrupları (balacalar 2007-2016, yeniyetmələr 2004-2010, gənclər 2003-2009) kateqoriyalarında birincilik uğrunda mübarizə aparıblar.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlarda idmançılar yeni qaydalara əsasən balans, temp və qarışıq hərəkətlər üzrə proqramlarda məharətlərini nümayiş etdirdilər.
Yerli çempionat və birinciliyin təşkili həm də ölkəmizdə keçiriləcək qarşıdakı beynəlxalq yarışlara – akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları və dünya çempionatı öncəsi idmançılarımız üçün sınaq xarakteri daşıyır. Belə ki, mötəbər yarışlarda Azərbaycanı təmsil edəcək akrobatlarımız milli çempionat və birincilikdə öz yeni proqramlarını yoxlamaq imkanı qazanıblar.
Yarışlar karantin rejimi qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq tamaşaçısız keçirilib.
Facebook-da paylaş