Beynəlxalq Olimpiya Komitəsi: Rusiya və Belarus idmançıları beynəlxalq turnirlərə neytral statusda qatıla bilərlər
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakı ilə bağlı bəyanat yayıb.
BrendSport.az xəbər verir ki, BOK beynəlxalq idman federasiyalarına və idman tədbirlərinin təşkilatçılarına Rusiya və Belarus idmançılarını, rəsmilərini yarışlara dəvət etməməyi, onların iştirakına icazə verməməyi tövsiyə edib.
Bəyanatda bildirilib ki, Rusiya və Belarus idmançıları beynəlxalq turnirlərə neytral statusda qatıla bilərlər. Qlobal idman yarışlarının bütövlüyünü və iştirakçıların təhlükəsizliyini qorumaq üçün BOK-un İcraiyyə Komitəsi beynəlxalq idman federasiyalarına və tədbir təşkilatçılarına Rusiya ilə Belarus idmançılarını, eləcə də rəsmi şəxsləri dəvət etməməyi, onların iştirakına icazə verməməyi tövsiyə edir. Rusiya və Belarus vətəndaşları istər fərdi, istərsə də komanda şəklində yalnız neytral idmançı və ya neytral komanda kimi qəbul edilməlidir. Bu ölkənin idmançıları yarışlarda iştirak zamanı heç bir milli rəmz, rənglər, bayraq və himnlərdən istifadə edə bilməzlər”.
Qeyd edək ki, BOK Rusiyanın üç ictimai-siyasi xadiminə verilən ordenləri də geri alıb. Belə ki, həmin şəxslər arasında Rusiya Prezidenti Vladimir Putin, Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Çernışenko və Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak yer alıblar.
Facebook-da paylaş