Füzuli Musayev: Yetirməm Rafael Ağayevin Olimpiadada uğur qazanması qürurvericidir
Rafael Ağayev 8-9 yaşlarından mənim rəhbərliyimlə məşq edir. Bu günədək də təcrübəmizi bölüşürük. Rafaelin uğurlarına çox sevinirəm.
BrendSport.az xəbər verir ki, bunu Tokio Olimpiadasında uğurla çıxış edən karateçilərimizin avqustun 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində R.Ağayevin şəxsi məşqçisi, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev jurnalistlərə müsahibəsində deyib.
F.Musayev bildirib: “Bizim vaxtımızda karate Olimpiya idman növü deyildi. Ancaq yetirməmin Olimpiadada uğurla çıxış etməsi qürurvericidir. Əlbəttə, biz də istəyərdik ki, onlar qızıl medal qazansınlar. Ancaq Rafaelin medalı bizim üçün, Azərbaycan xalqı üçün qızıldır”.
Xatırladaq ki, Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.
Facebook-da paylaş