Azərbaycan boksçusu Olimpiya lisenziyasının bir addımlığında
Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində üçüncü döyüşünə çıxıb.
BrendSport.az xəbər verir ki, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gəlib.
Görüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən M. Həsənov yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb və 1/4 finala yüksəlib.
O, bu qələbə ilə İtaliyanın Busto Arsitsio şəhərində keçirilmiş I Dünya Olimpiya Təsnifat Turnirində Tayfur Əliyevi məğlub edən yaponiyalı boksçudan revanş da alıb.
M. Həsənov növbəti görüşdə də qalib gələcəyi halda “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Mayın 31-də 1/4 final görüşünə çıxacaq idmançının rəqibi Xose Manuel Viafara (Kolumbiya) olacaq.
Facebook-da paylaş