Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb
AFFA-nın vitse-prezidenti və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb.
BrendSport.az xəbər verir ki, o, iyunun 17-dən iyulun 1-nə kimi “Avro-2024”ün Frankfurt şəhərində təşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq.
K.Mehtiyeva qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək. Bununla da ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirdə iş başında olacaq.
Xatırladaq ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.
Facebook-da paylaş