Nicat Abasov: İddiaçılar Turniri karyeramın ən önəmli yarışıdır
“İddiaçılar Turnirində sürpriz iştirakçı kimi göstərilsəm də, rəqiblər qarşısında psixoloji üstünlüyüm var. Çünki üzərimdə böyük təzyiq yoxdur. Bəlkə də bu və oyundan zövq almaq mənim əsas strategiyamdır”.
BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycan qrosmeysteri Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turniri barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.
28 yaşlı şahmatçı bu yarışa vəsiqə qazanmasını karyerasının ən böyük uğuru adlandırıb: “Bunadək bir çox səviyyəli turnirdə iştirak etmişəm. Hətta qələbələrim də olub. Amma İddiaçılar Turniri başqa səviyyədir. Bu, tamamilə elit yarışdır. Mən belə turnirlərdə tez-tez oynamıram. Rəqiblərimin reytinqi məndən yüksəkdir. Dünya çempionluğu uğrunda oynamadığım üçün hazırda İddiaçılar Turniri karyeramın ən önəmli yarışıdır”.
N.Abasov yarışda gözəl gedişlərlə onu izləyən və dəstəkləyən azarkeşləri xoşbəxt etmək istədiyini vurğulayıb: “Burada olduğum üçün sevincliyəm. Dediyim kimi, heç bir təzyiq hiss etmirəm. İlk dəfədir Torontoda oluram. Hər andan zövq almağa çalışıram”.
Qeyd edək ki, hazırda aktivində 1,5 xalı olan Nicat Abasov Hikaru Nakamura (ABŞ), Əlireza Firuzca (Fransa) və Vidit Santoş Qucrati (Hindistan) ilə birlikdə 5-8-ci yerləri bölüşdürür. İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.
Facebook-da paylaş