Rüstəm Orucov təxribat xarakterli çıxış edən erməni idmançıya cavab verib
Cüdo üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Rüstəm Orucov İsveçrənin Lozanna şəhərində keçirilən Beynəlxalq Atletlər Forumunda (İAF) erməni idmançının təxribat xarakterli çıxışına cavab verib.
BrendSport.az xəbər verir ki, sessiyaların birində səhnəyə çıxan Arsen Culfalakyan müharibə şəraitindəki ölkəsinin hazırda 125 min qaçqını olduğunu bildirib.
Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucov çıxış edərək, dərhal erməni idmançını susdurub: “30 il əvvəl müharibəni ermənilər başladı və torpaqlarımız işğal edildi. Biz heç kimin torpağına göz dikməmişik. Hazırda sizdə qaçqın varsa, bu problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü tərk edərək, Ermənistana gedən erməniəsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir. Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib və Qarabağdakı erməni sakinlərə ərzaq və tibbi yardım göstərir. Amma 1990-cı illərdə erməni separatçılar xalqımıza qarşı böyük vəhşiliklər törədiblər. Əliyalın vətəndaşlarımız xüsusi amansızlıqla, işgəncələrə məruz qalaraq qətlə yetirilib, genosidə məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevrilmişdilər”.
Rüstəm Orucovun tutarlı cavablarından sonra isə erməni idmançı dərhal sakitləşərək fikirlərinə düzəliş edib. O, əslində idmanı siyasətə qatmamağı və mübarizəni tatamidə aparmaq lazım olduğunu qeyd edib: “Mən demək istəyirəm ki, müharibə şəraitində olan bütün ölkələr Olimpiya Həmrəyliyi tədbirlərində iştirak etməlidirlər. Müharibəni idmana qatmaq olmaz. Biz idmançılar öz gücümüzü idman arenasında göstərməliyik”.
Qeyd edək ki, forumun ilk günündə bir sıra maraqlı məsələlər müzakirə olunub. Həmçinin Rusiya və Belarus idmançılarının yarışlarda hansı statusla çıxış edəcəyi barədə mövzuya da baxılıb. Beynəlxalq Atletlər Forumuna bu gün yekun vurulacaq.
Facebook-da paylaş