Bakıda Ulu Öndərə həsr edilmiş beynəlxalq turnirin açılış mərasimi olub
Mayın 1-də Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirin açılış mərasimi olub.
BrendSport.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ümummilli Liderin idmana diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idman siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin sayının ildən-ilə artdığını qeyd edib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılarımıza böyük diqqət və qayğısı beynəlxalq yarışlarda yeni qələbələr qazanmağımıza zəmin yaradır.
Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda Azərbaycan millisinin minifutbol üzrə Avropa çempionluğundan sonra bu idman növünə marağın daha da artdığını qeyd edib. O, belə mötəbər turnirlərin bu idman növünün təbliğində əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət dəfələrlə beynəlxalq idman təşkilatları və federasiyaları tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, “Zirə” futbol klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkəmizdə minifutbolun inkişafı, turnirin məqsədi barədə fikirlərini bölüşüb. Müşahidə Şurasının sədri turnirin dostluq mühitində keçəcəyinə və yaddaşlarda qalacağına əminliyini vurğulayıb, yarışda iştirak edəcək komandalara uğurlar arzu edib.
Çıxışlardan sonra açılış mərasimi bədii proqramla davam edib. Yekunda turnirdə mübarizə aparan 10 ölkənin komandaları səhnəyə dəvət olunub.
Tədbirdə idman federasiyalarının rəhbərləri, Türkiyə, Ukrayna, Çexiya və digər ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.
Turnirin açılış oyununda Azərbaycan və Çexiya yığmaları qarşılaşıb.
Turnir mayın 6-da başa çatacaq.
Facebook-da paylaş