İdmançının evindən külli miqdarda pul oğurlayanlar məhkəmə qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlunatları dəqiqləşdirilib.
Məlum olub ki, ibtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
N.İsrafilovun əvvəllər məhkumluq həyatı yaşadığı elan olunub.
Məhkəmənin baxış avqustun 8-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.
Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. ("Report")
Facebook-da paylaş