Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnaqarası “müzəffər və güclü” ordusu ilə öyünürdülər. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir.
BrendSport.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələrinin Şuşanın qaytarılması ilə bağlı bəyanatlarına münasibət bildirərkən söyləyib.
Dövlətimizin başçısı sözünə davam edərək deyib: Biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz”.
Prezident İlham Əliyev vurğulayıb ki, əgər biz zərrə qədər təhlükə görsək onları dərhal məhv edəcəyik: “Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.
Facebook-da paylaş