“Qarabağ”ın Avropa uğuru – ölkəmizin idman və iqtisadi gücünün göstəricisi

Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov Qarabağ FK ilə bağlı sözügedən paylaşımı özünün rəsmi Facebook səhifəsində yayımlayıb.
Bu gün “Qarabağ” Futbol Klubu Qarabağ FK UEFA Çempionlar Liqasında növbəti – və böyük ehtimalla bu mövsüm üçün son oyununa çıxır.
Komandamızın Bakıda keçirdiyi ev oyunları təkcə idman hadisəsi deyil, həm də ölkəmizin beynəlxalq imicinə və iqtisadi həyatına real töhfə olmuşdur. Oyunlar zamanı paytaxtımıza 8500-ə yaxın xarici azarkeş səfər etmiş, bu isə turizm, xidmət və digər sahələrdə canlanma yaratmışdır.
Klubun UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə etməsi Azərbaycan futbolunun artan nüfuzunun və düzgün strategiyanın nəticəsidir. Bundan əlavə, UEFA-nın həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klublarımızın hər biri təxminən 1.6 milyon manat əlavə vəsait qazanacaqdır. Bu isə ölkə futbolunun ümumi inkişafına xidmət edən mühüm maliyyə dəstəyidir.
“Qarabağ”ın beynəlxalq arenadakı çıxışı bir daha göstərdi ki, Azərbaycanda idman iqtisadiyyatı real potensiala malikdir və düzgün idarəçilik, peşəkarlıq və ardıcıl dövlət siyasəti nəticəsində bu potensial daha da genişlənəcəkdir.
Komandamıza yaşatdığı unudulmaz futbol bayramına görə təşəkkür edir, yeni uğurlar arzulayıram.
Facebook-da paylaş





















