Azərbaycan güləşində dönüş nöqtəsi: bu çempionat tarixə düşdü

“Bu artıq sadəcə çempionat deyil, idman mədəniyyətinin qələbəsidir”
BrendSport.az informasiya portalı xəbər verir ki, bu fikirləri Vətənini canı qədər sevən, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, hər zaman dövlətinin və xalqının yanında olmuş bir vətəndaş kimi səsləndirən şəxs Milli Olimpiya Komitəsinin Nəzarət-Təftiş Komissiyasının sədri, “Şöhrət” və “Olimpiya” ordenli, Azərbaycan güləşinin canlı əfsanəsi, “qızıl fit” sahibi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ən əsası isə Əməkdar məşqçi Hicran Şərifovdur.

Vətənini, dövlətini və xalqını hər zaman sevən, bu sevgidən ilham alan Hicran Şərifov deyir ki, 1978-ci ildən bu günədək — düz 48 ildir — idman onun üçün sadəcə peşə yox, həyat tərzidir. Yeniyetmə güləşçi kimi başladığı bu yol onu ölkə və qitə çempionatlarından keçirərək dünya arenalarına, oradan isə Olimpiya Oyunlarının ən yüksək tribunalına — hakim kürsüsünədək gətirib çıxarıb. Bu illər ərzində o, minlərlə yarış görüb, minlərlə idman taleyinə şahidlik edib.
Təvazökarlıqdan uzaq olsa da açıq deməliyəm: 50-dən artıq ölkədə keçirilən saysız-hesabsız beynəlxalq idman tədbirlərinin iştirakçısı olmuş bir mütəxəssis kimi yarışa yalnız keçirilib-keçirilməməsi prizmasından yox, onun ruhuna, mədəniyyətinə və təşkilati fəlsəfəsinə görə qiymət verə bilirəm. Elmi fəaliyyətimdə, pedaqoji işimdə və hazırda üzərində çalışdığım elmlər doktorluğu tədqiqatlarımda idman yarışlarının hazırlanmasını qlobal institusional model kimi araşdırıram.
Düzünü deyim, illərlə xarici ölkələrdə yarışlar başa çatdıqdan sonra qəlbimdə bir nisgil olurdu: nə vaxt bizdə də ölkə çempionatları dünya səviyyəsində keçiriləcək? Təəssüf ki, bəzən ölkə miqyasında elə yarışlara şahid olmuşam ki, orada idmandan çox “hesabat xatirinə tədbir” ab-havası hiss olunurdu. Bu isə insanı həm məyus edir, həm də düşündürürdü.
Amma artıq bunu keçmiş zamanda deyirəm.
7–11 yanvar 2026-cı il tarixlərində Azərbaycan Güləş Federasiyasının təşkil etdiyi yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı mənim üçün sadəcə yarış olmadı. Bu çempionat mənə inam verdi, ümid verdi, qürur verdi. Açıq deyirəm: bu yarış məni heyrətləndirdi.
50-dən artıq ölkədə minlərlə yarışda hakimlik etmişəm. Müqayisə aparmaq hüququm var. Və tam məsuliyyətlə deyirəm: bu Azərbaycan çempionatı təşkilatçılıq səviyyəsinə görə dünyanın ən yaxşı milli çempionatları ilə bir sırada dayanırdı.
Burada hər detal danışırdı. Məkan danışırdı. İnfrastruktur danışırdı. Hakim üçün rahatlıq, idmançı üçün ədalət, tamaşaçı üçün emosional atmosfer, media üçün işlək mexanizm — hər şey düşünülmüşdü. Bu, təsadüf deyildi. Bu, peşəkarlığın nəticəsi idi.
Bu yarış bir daha sübut etdi ki, son onillikdə ölkəmizdə idman sahəsində baş verən inqilabi dəyişikliklər artıq təkcə beynəlxalq arenalarla məhdudlaşmır. Möhtərəm cənab Prezidentimizin siyasi iradəsi və diqqəti, hörmətli Mehriban xanım Əliyevanın ardıcıl təşəbbüsləri nəticəsində formalaşan yüksək standartlar bu gün artıq ölkə çempionatlarında da öz əksini tapır.

Bu mənada Azərbaycan Güləş Federasiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Federasiyanın Prezidenti cənab Mikayıl Cabbarovun şəxsi nəzarəti və birbaşa rəhbərliyi altında hazırlıq prosesi dünya standartlarına uyğun şəkildə aparılıb. Bu, kabinetdən verilən göstəriş yox, meydanda görünən real nəticə idi.
Güləş Federasiyasının Baş katibi Pərvin Piriyevin gənc yaşına baxmayaraq, ona göstərilən etimadı böyük məsuliyyətlə doğrultması isə ayrıca vurğulanmalıdır. Onun rəhbərlik etdiyi komanda yarışın “A-dan Z-yə” bütün mərhələlərini yüksək peşəkarlıqla icra etdi. Bu komandanın işində təsadüfi heç nə yox idi — hər şey planlı, sistemli və məqsədyönlü idi.
Bu çempionat göstərdi ki, bu gün Azərbaycanda artıq təkcə güclü idmançılar deyil, eyni zamanda peşəkar idman təşkilatçıları, bacarıqlı menecerlər və vətəninə sədaqətlə xidmət edən kadrlar formalaşıb. Bu isə hər bir medal qədər, bəlkə də ondan da qiymətlidir.
Təxminən yarım əsrə yaxın idman hərəkatında olmuş, üç Yay Olimpiya Oyununda hakimlik etmiş bir mütəxəssis kimi tam əminliklə deyirəm: bu səviyyə böyük zəhmətin, düzgün idarəçiliyin və idmana olan səmimi münasibətin nəticəsidir.
Bu yarış məndə qəti bir inam yaratdı: Azərbaycan güləşinin ən böyük inkişaf və intibah mərhələsi hələ qarşıdadır. Bu yol təsadüfi deyil və davamlı olacaq. Veteran idmançı və mütəxəssis kimi bu prosesdə öz təcrübəmizi bölüşməyə, gənc nəslə dəstək olmağa bundan sonra da hər zaman hazırıq.

*"“Şöhrət” və “Olimpiya” ordenli, Azərbaycan güləşinin canlı əfsanəsi Hicran Şərifovu bir də vətənin səngərlərində tanıyaq.
44 günlük Vətən müharibəsi zamanı o, BrendSport.az komandası ilə birgə “İlhamlı Qələbələr” adlı səfər kampaniyası çərçivəsində torpağın hər qarışında vətəninin keşiyində duran əsgər və zabitlərlə çiyin-çiyinə dayanaraq zəfərin sevincini yaşadı.
Hicran Şərifov yalnız idman meydanlarının deyil, vətənin də qəhrəmanıdır."*













Facebook-da paylaş





















