Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xeyirxah insan və Dünyanın ən yaxşı güləş hakimi Hicran Şərifov 55 illik yubileyini qeyd edir




İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, gənc nəslin sağlam böyüməsi üçün mühüm vasitələrdən biridir. Azərbaycan dövlətinin rəhbəri cənab Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmana, xüsusilə də Olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirirlər. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün mükəmməl maddi-texniki baza da yaradılıb. Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Çünki elə bir beynəlxalq turnir yoxdur ki, orada Azərbaycan idmançıları bayrağımızı dalğalandırmasın. Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında qazanılan uğurlar isə buna əyani sübutdur.
İdmanın inkişafı, gənc nəsildə bu sahəyə marağın oyanması bu sahəyə göstərilən qayğıdan qaynaqlansa da, onların fiziki və taktiki cəhətdən istedadlı idmançı kimi yetişmələrində, sözsüz ki, ən böyük pay sahibləri məşqçilərdir. Məhz məşqçilər ömrünü peşəsinə həsr edib bütün bacarığını yetirmələrinə vermək üçün daim çalışır, yetişdirdikləri idmançıların uğuruna sevinirlər. Çünki istənilən insan çəkdiyi əziyyətin bəhrəsini gördükdə sevincinin həddi-hüdudu olmur. Bu sevinc hissləri isə məşqçiləri öz işlərinə daha həvəslə, daha peşəkar yanaşmağa ruhlandırır.
Ölkəmizdə idmanın müxtəlif sahələri üzrə uğurlar qazanan məşqçilər çoxdur. Onlardan biri də bu gün 55 yaşını qeyd edən “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunan, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Dünyanın ən yaxşı güləş hakimi”, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi, əməkdar məşqçi, eyni zamanda, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin keçmiş rəisi və akademiyanın Fiziki hazırlıq kafedrasının keçmiş baş müəllimi, ehtiyatda olan polis polkovnik Hicran Şərifovdur.
Hicran Şərifov 1965-ci il avqustun 1-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya Akademiyasına daxil olub. Əmircan qəsəbəsindəki Suraxanı maşınqayırma zavodunda elektrik vəzifəsində çalışıb, 1993-cü ildən Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Keçən ilərdə Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi və fiziki hazırlıq kafedrasının baş müəllimi vəzifəsində çalışan Hicran Şərifov DİN-də gənc kadrların hazırlanmasında böyük paya sahibi olmuşdur. Xidmətlərinə görə DİN rəhbərliyi tərəfindən “Əla xidmətə görə” döş nişanı, “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallarla təltif edilib.
Hicran Şərifov idman sahəsində mühüm uğurlar qazanan, ən titullu məşqçilərdən biridir. Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi 2008-ci ildə Pekin Yay Olimpiadasında, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında güləş üzrə beynəlxalq hakimlər briqadasının tərkibində ölkəmizi layiqincə təmsil edib. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2008-ci ildə onun əməyini yüksək qiymətləndirərək “Tərəqqi” medalı ilə təltif edib. 2010-cu ildə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” adına layiq görülən hakim iki il sonra “London-2012” Yay Olimpiya Oyunlarında “Dünyanın ən yaxşı güləş hakimi” elan edilib və “Qızıl fit” mükafatına sahib olub. Hicran müəllim əfsanəvi futbol hakimi Tofiq Bəhramovdan sonra bu titulla şərəfləndirilən ikinci azərbaycanlı hakimdir. Bu, həm Azərbaycanda idmana göstərilən diqqət və qayğının, həm də beynəlxalq qurumların azərbaycanlı hakimlərə göstərdiyi etimadın bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncamla Hicran Şərifovun “Şöhrət” ordeni ilə təltif edilməsi isə onun xidmətlərinə dövlətimiz tərəfindən verilən yüksək qiymətin daha bir göstəricisi idi.
1999-cu ildən “Neftçi” İdman Sağlamlıq Mərkəzində məşqçi-müəllim vəzifəsində işləyən Hicran Şərifov hazırda “Cəngi” Güləş Klubunun rəhbəridir. Onun Azərbaycan idmanı üçün yetişdirdiyi güləşçilər sırasında ikiqat Avropa çempionu, dünya çempionatının qızıl və gümüş mükafatçısı, Pekin və London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramov, yeniyetmələr arasında dünya çempionatının, Avropa birinciliyinin, Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi, ilk Avropa Oyunlarının bürünc mükafatçısı Elman Muxtarov, yeniyetmələrin Avropa və dünya mükafatçıları Elnur Həsənov, Seymur Hüseynov kimi güləşçilərimiz var.
Hicran Şərifov tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında da Azərbaycanı layiqincə təmsil edən hakimlərdən biri oldu. “Bakı-2015” ilk Avropa Oyunları idman tariximizdə mühüm hadisəyə çevrildi. Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi, gələcək yarışlar üçün meyarlar yaratdı. Əsası Azərbaycanda qoyulan Avropa Oyunlarında hakimlik çox yüksək səviyyədə təşkil olundu. Olimpiya Oyunlarında olduğu kimi, burada da hakimlərin işinə çox ciddi nəzarət var idi. Həm də edilən səhvlər hakimlərə “Rio-2016” Olimpiya Oyunlarına qatılmaqda maneələr yarada bilərdi. Ona görə də hakimlər hər bir qərarda ədalətli və diqqətli olmağa çalışdılar və buna nail oldular. Onların arasında fərqlənən beynəlxalq dərəcəli hakimimiz Hicran Şərifov yenə də Azərbaycana uğur qazandırdı. Oyunlar başa çatdıqdan sonra dövlətimizin başçısı yüksək nailiyyətlər qazanmış idmançılarımızla yanaşı, idmanın inkişafındakı xidmətləri olan mütəxəssisləri, eləcə də idmançılarımızın müəllimlərini təltif etdi. Hicran Şərifov Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə mükafatlandırıldı.
Bütün bunlar Azərbaycanda idmançılara, onları yetişdirən müəllimlərə, məşqçilərə dövlətimizin göstərdiyi yüksək diqqət və qayğının əyani təzahürüdür. Bu dəstəyi hər zaman hiss edən idmançılarımız, məşqçilərimiz və hakimlərimiz də beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək dövlətimizə başucalığı gətirmək üçün əllərindən gələni əsirgəmirlər.
İnanırıq ki, ömrünün 55-ci baharını yaşayan Hicran Şərifov da ona göstərilən etimadı bundan sonra da layiqincə doğruldacaq və Azərbaycana hələ uzun müddət Avropa, dünya çempionları yetişdirəcək. Hakim kimi qatıldığı beynəlxalq turnirlərdə isə Azərbaycanın daim yüksəlişdə olan nüfuzunu artırmaq üçün hər bir qərarında ədalətli və diqqətli olacaq. Həm Azərbaycan polisinin fədakar təmsilçisi, həm də Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim kimi Hicran Şərifov Vətənə şərəflə xidmət edib, Azərbaycan adını uca tutmağa çalışıb. Bizdə BrendSport.az saytı olaraq bu gün 55 illik yubiley sevincini yaşayan Hicran Şərifova uzun ömür, cansağlığı, Azərbaycan idmanının inkişafı və təbliği yolundakı şərəfli fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzu edirik.


Facebook-da paylaş

Xəbəri paylaş