Milli Paralimpiya Komitəsi 5 nömrəli Respublika xüsusi internat məktəbində görüş keçirib

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Milli Paralimpiya Komitəsi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 5 nömrəli Respublika xüsusi internat məktəbində şagirdlərlə görüş keçirilib.
BrendSport.az xəbər verir ki, görmə məhdudiyyətli şagirdlərin təhsil aldığı məktəbdə paraidman növləri ilə bağlı geniş məlumat verilib, paralimpiya hərəkatının inklüzivlik, bərabərlik, cəmiyyətə inteqrasiya və ölkəmizi təmsil etmək üçün vasitə olduğu vurğulanıb.
Bu məktəbdə təhsil alan paracüdoçu Hüseyn İsmayılzadənin iyul ayında Türkiyədə keçirilən Avropa Gənclər Paralimpiya Oyunlarında bürünc medal qazandığı, onun paralimpiyaçı kimi digər şagirdlər üçün nümunə olduğu bildirilib.
Sonda komitə tərəfindən məktəb rəhbərliyinə xatirə hədiyyəsi təqdim edilib.




Facebook-da paylaş





















