İsveçin qadın futbolçuları dünya çempionatında üçüncü yeri tutublar
Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatında üçüncü yer uğrunda oyunda İngiltərə millisinə qalib gələn İsveç seçməsi bürünc medala sahib olub.
BrendSport.az xəbər verir ki, Nitsa şəhərində oynanılan görüşdə İsveç millisi 2:1 hesabı ilə qalib gəlib. Hər üç qol matçın birinci hissəsində vurulub.
Çempionatın bu gün oynanılacaq final matçında ABŞ və Hollandiya yığmaları üz-üzə gələcəklər. Lion şəhərində keçiriləcək final görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bu, ABŞ seçməsinin beşinci final qarşılaşması olacaq. İndiyədək üç dəfə çempion olmaqla rekord göstəriciyə imza atan amerikalı qadın futbolçular kuboku bu dəfə də başları üzərinə qaldıracaqları təqdirdə öz nəticələrini daha da əlçatmaz edəcəklər. Hollandiya seçməsi isə ilk dünya çempionluğu uğrunda meydana çıxacaq.
Dünya çempionatında 24 komanda altı qrupda mübarizə aparıb.
Xatırladaq ki, dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə İngiltərə yığması Almaniyanı minimal hesabla məğlubiyyətə uğradıb.
Qadın futbolçular arasında ilk dünya çempionatı 1991-ci ildə keçirilib. Bundan əvvəl 7 dəfə təşkil edilən dünya çempionatlarında ABŞ yığması üç dəfə kuboka sahib olub. Almaniya millisi iki, Norveç və Yaponiya seçmələri isə bir dəfə çempion adını qazanıblar.
Facebook-da paylaş