Qadın güləşçilərimiz dünya çempionatını 2 medalla başa vurdu
Yunanıstanın paytaxtı Afinada yeniyetmələr arasında keçirilən dünya çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Azərbaycan yığması son yarış günündə daha bir medal qazanıb.
40 kq çəkidə yarışan Ayşən Yusifova ilk görüşdə gürcüstanlı Maryam Karelidzeni 63 saniyəyə yensə də, yarımfinalda bolqarıstanlı Petya Zarkova Delçevaya yenilib - 2:4. Lakin bürünc medal uğrunda qarşılaşmada o, ukraynalı Amina Ponomaryovanı 7:4 hesabı ilə üstələyib və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Beləliklə, Azərbaycanın qadın güləşçiləri dünya çempionatında 1 qızıl, 1 bürünc medala sahib olub. Qızıl medalı ötən gün Şahanə Nəzərova (38 kq) əldə edib.
Daha əvvəl yunan-Roma güləşçilərinin mübarizəsində Qurban Qurbanov (42 kq) qızıl, Nihad Məmmədli (46 kq) və Zaur Əliyev (50 kq) gümüş medala sahib olub.
Facebook-da paylaş