Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmatda Karlsen erası davam edir: Norveç şahmatçısı dünya çempionu tutulunu qoruyub saxlayıb



Dünya şahmat tacı uğrunda Londonda keçirilən matçda dünya çempionu tituluna iddiaçı olan amerikalı qrossmeyster Fabiano Karuanaya tay-breykdə 3:0 hesabı ilə qalib gələn norveçli Maqnus Karlsen öz titulunu qoruyub saxlaya bilib.

BrendSport.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu cür matçların 132 illik tarixində ilk dəfə bu sayda heç-heçə qeydə alınıb, hərçənd bu unikal nəticə Londonda və bütün dünyada şahmat həvəskarlarını məyus edib.

Hər iki şahmatçının müxtəlif partiyalarda qələbə şansı olub. Məsələn, ilk partiyada qara fiqurlarla oynayan Karlsen hesabda önə çıxa bilərdi, lakin bu imkandan istifadə edə bilməyib. Altıncı partiyada isə üstünlük Karuananın tərəfində olub, onuncu partiyada Karlsenə yenidən qazanmaq şansı yaranıb. Qeyd etmək lazımdır ki, bütün bu hallarda üstünlük qara fiqurlarla oynayan şahmatçının tərəfində olub. Daha bir maraqlı cəhət ondan ibarət olub ki, yekun partiya da “ağlar üçün qara matç”a çevrilib. Yəni, son vaxtlar şahmatda yaranan tendensiya göstərir ki, artıq ağ fiqurlarla oynamaq şahmatçılar üçün üstünlük sayıla bilməz. Bu məsələdə qrossmeysterlərin kompüterdə ən güclü şahmat proqramlarından istifadə etməsi də rol oynayır. Bu amillər isə heç-heçə ilə başa çatan oyunların sayının artması ilə nəticələnib.

Tay-breyk oyunundan sonra keçirilən mətbuat konfransında Maqnus Karlsen daha iki il müddətinə dünya çempionu titulunu qorumasından məmnunluğunu gizlətməyib. O deyib: “Çox sevinirəm, mənim üçün yaxşı gün oldu. Mən yaxşı çalışdım və nəticə də əla oldu”.

27 yaşlı qrossmeyster keçmiş dünya çempionları Harri Kasparov və Vladimir Kramnikin onun ünvanına söylədikləri tənqidlərə cavab olaraq bildirib ki, onların matçı tay-breykə qədər aparmağım haqqında səfeh tənqidi fikir söyləməyə haqları var. Dünya çempionunun bu sözləri zalda gülüş doğurub.

Karlsen etiraf edib ki, onun son vaxtlar nümayiş etdirdiyi oyun səviyyəsi “ilhamverici” deyil. “Doğrusunu desək, mənim son iki ildəki oyunlarım o qədər də mükəmməl deyil. Bu nöqteyi-nəzərdən klassik vaxt nəzarəti ilə keçirilən partiyalarda mənim oyun tərzim doğru idi. Düşünürəm ki, nisbətən yaxşı oyun göstərmişəm”, – deyə dünya çempionu əlavə edib.

Karuana isə tay-breykdə pis oynadığını etiraf edib. İddiaçı əlavə edib ki, matçın yekunundan narazıdır, bununla belə, o, yorulmaz fəaliyyətinə görə komandasının üzvlərinə təşəkkür edib. Matçın əsas hissəsi ilə bağlı fikirlərini bölüşən Karuana deyib: “Matçın gedişində mənim iki böyük şansım olub. Maqnusun da qələbə üçün imkanları vardı. Hətta partiyalardan birində o, açıq qələbə mövqeyinə malik idi”. Amerikalı şahmatçı ümidvar olduğunu bildirib ki, bu məğlubiyyətdən sonra yenidən gücünü bərpa edə biləcək.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç isə heç-heçə nəticələrinin çox olmasını qanunauyğun hesab edib. “Maqnus etiraf edib ki, dünyanın ən güclü şahmatçılarından biri ilə oynayıb. Bu cür nəticə isə məhz klassik nəzarət sistemində qanunauyğundur”, - deyən təşkilatın rəhbəri 1984-1985-ci illərdə Anatoli Karpovla Harri Kasparov arasında keçirilən və heç-heçə nəticələnən çoxlu matçları xatırladıb.

Dvorkoviç əlavə edib: “Bununla belə, istirahət günlərinin və partiyaların sayının azaldılması, oyun formatının dəyişdirilməsi və s. məsələlər barədə təkliflər daxil olub. Bu təkliflərin hamısını təhlil edəcəyik və şahmat ictimaiyyəti, habelə ən yaxşı şahmatçılar ilə məsləhətləşmələrdən sonra qərarlar qəbul edəcəyik. Formatdan asılı olmayaraq, şahmata maraq heç bir zaman azalmır”.

FIDE-nin prezidenti çıxışına yekun vuraraq deyib: “Maqnus əsl çempiondur. Onun düzgün və ya yanlış qərarları haqqında mübahisə etmək olar, amma Karlsen çempiona layiq oyun nümayiş etdirdi. Biz zəmanəmizin iki ən yaxşı şahmatçısı arasında ən yüksək səviyyədə keçirilən matça şahidlik etdik”.

Maqnus Karlsen dünya şahmat tacının 16-cı sahibidir. O, 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək dünya çempionu titulunu qazanıb. Karlsen şahmat tarixində ən yüksək – 2882 reytinq xalı da əldə edib.


Facebook-da paylaş

Xəbəri paylaş