DÇ-2018: Fransanın rəqibi Belçika oldu - YENİLƏNİR

Bu gün dünya çempionatında 1/4 final mərhələsinə start verilib. ilk oyun günündə 2 yarımfinalçı müəyyənləşəcək. Əvvəlcə meydana Fransa və Uruqvay komandaları çıxıb.
Hər iki komanda əvvəlki mərhələdə güclü rəqibi mübarizədən kənarlaşdırmışdı. Fransa Argentinanı evə göndərdiyi halda, Uruqvay Portuqaliyaya qalib gələrək 1/4 finala yüksəlmişdi. Həm Fransanın, həm də Uruqvayın hücum xətti əzəmətli görünsə də, Uruqvayda zədəli olan Kavani zədə səbəbindən oyunu buraxmalı olub.
İlk dəqiqələrdən ehtiyatlı oyun nümayiş etdirən komandalar, sanki buraxılan hər hansı bir səhvi gözləyirdilər. Bərabər səviyyəli keçən ilk hissənin 40-cı dəqiqəsində cərimə zərbəsindən ötürülən topa başla toxunan Rafael Varan komandasını önə çıxarıb 1:0.
İkinci hissədə də ssenari dəyişməyib və komandalar bərabər səviyyəli oyun göstəriblər. 62-ci dəqiqədə Qrizmannın cərimə meydançası kənarından vurduğu qüvvətli zərbədən sonra top qapıçı Musleranın əlinə dəyərək qapıdan keçib 2:0.
Qalan vaxt ərzində hücum oyunu oynamaq istəyən Uruqvay millisi heç nəyə nail ola bilməyib. Beləliklə, ilk yarlmfinalçı olan Fransa millisi Braziliya-Belçika cütlüyünün qalibini gözləyir.
Günün ikinci oyununda da Cənubi Amerika və Avropa təmsilçisi üz-üzə gəlib. Mundialın favoritlərindən olan Braziliya Belçika ilə qarşılaşıb.
Tərəflərin hər ikisi qrup mərhələsini birinci yerdə bitirib. Əvvəlki mərhələdə Braziliya Meksikanı 2 cavabsız qolla üstələdiyi halda, Belçikanı Yaponiyanı çox çətinliklə məğlub edə bilmişdi.
Belçika matça tam heyətlə çıxdığı halda, Braziliyada itkilər var idi. Əsas heyət üzvü Kazemiro sarı vərəqə cəzalısı olduğundan bu vacib oyunu buraxmalı idi. Danilo isə zədə səbəbindən meydana çıxa bilməyib.
Gözlənildiyi kimi iki güclü komandanın oyunu maraqlı alınıb. Oyunun ilk dəqiqələrini hücumda keçirən braziliyalılar arzularına çata bilməyiblər.
Getdikcə oyunu bərabərləşdirən Avropa təmsilçisi 13-cü dəqiqədə günc zərbəsindən sonra Kompaninin başla vurduğu zərbədən sonra top Fernandinyoya dəyərək tora daxil olub 1:0.
Bundan ruhlanan Belçika millisi hücumlarını davam etdiriblər. Elə bunun da nəticəsi olaraq 31-ci dəqiqədə de Brüynenin vurduğu gözəl qolla hesabı 2:0 ediblər. İlk hissə bu hesabla başa çatıb.
Görüşün ikinci hissəsini də hücumlarla başlayan Braziliya yığması müdafiədə boşluqlar buraxıblar. Ancaq bir neçə əks-hücuma çıxan belçikalılar bundan faydalana bilməyiblər.
Əvəzində Braziliya millisinin heyətində meydana təzə çıxan Renato Auqusto 76-cı dəqiqədə vuduğu qolla fərqi minumuma endirib 2:1.
Bundan sonra tam qüvvə ilə hücuma aludə olan Braziliya komandası bərabərlik qolunu vura bilməyib.
Beləliklə, Braziliyanı evə göndərən Belçika millisi 1/4 final mərhələsində Fransanın rəqibi olub.
Dünya çempionatı
1/4 final
6 iyul
18:00. Uruqvay - Fransa - 0:2
Qollar: Varan, 40, Qrizmann, 62
Hakimlər: Nestor Pitana, Hernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)
Nijni Novqorod stadionu
22:00. Braziliya – Belçika - 1:2
Qollar: Fernandinyo, 13-avtoqol, de Brüyne, 31, Renato Auqusto, 76
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)
Kazan Arena
7 iyul
18:00. İsveç - İngiltərə
22:00. Rusiya - Xorvatiya
Facebook-da paylaş
