Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Nazir müavini MDB-yə üzv ölkələrin Gənclərlə İş üzrə Şurasının növbəti iclasında iştirak edib



Belarus Respublikasının paytaxtı Minsk şəhərində MDB-yə üzv ölkələrin Gənclərlə İş üzrə Şurasının növbəti iclası keçirilmişdir. Ölkəmizi iclasda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

BrendSport.az saytı xəbər verir ki, iclasda Belarus Respublikasının təhsil naziri İqor Karpenko giriş sözü ilə çıxış edərək, Belarusda həyata keçirilən dövlət gənclər siyasəti haqqında geniş məlumat verdi. Daha sonra iclasın gündəliyinə əsasən Müstəqil Dövlətlər Birliyinin 2020-ci ilə qədərki müddətdə Beynəlxalq Gənclər Əməkdaşlığı Strategiyasının 2018-2020-ci illər üçün Tədbirlər Planının icrasının gedişatı və 2021-2030-cu illər üçün Tədbirlər Planının layihəsinin hazırlanması, "MDB üçün 100 ideya!" Beynəlxalq gənclər layihəsinin nəticələri, MDB məkanında könüllülük hərəkatının inkişafı və digər məsələlər ətrafında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək MDB çərçivəsində beynəlxalq gənclər əməkdaşlığı sahəsində Azərbaycanda görülmüş işlər və gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat vermişdir.

Şuranın iclası ilə yanaşı Minsk şəhərində "MDB üçün 100 ideya!" Beynəlxalq gənclər layihəsinin final mərhələsi və sərgisi keçirilmişdir.

Layihənin keçirilməsində məqsəd – gənclərin intellektual və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaq, MDB üzrə istedadlı gənclər arasında əlaqələrin inkişafını dəstəkləmək idi.

Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Türkmənistan, Qazaxıstan, Tacikistan, Ermənistan və Qırğızıstandan olan gənc alimlərin elmi işləri nümayiş olunurdu. Azərbaycan nümayəndə heyətində təmsil olunan gənc alimlər layihədə bir neçə nominasiya üzrə iştirak etdilər.

İştirakçılarımızın müsabiqəyə təqdim etidyi layihələr böyük marağa səbəb olmuşdur.

Bundan əlavə layihə çərçivəsində təşkil olunan sərgidə Azərbaycan geniş milli stend ilə təmsil olunmuşdur. Azərbaycan ekspozisiyası sərginin ən gözəl və zəngin tərtib olunmuş pavilyonlarından biri idi. Milli sərgi çərçivəsində əcnəbi iştirakçılar və qonaqlar Azərbaycan milli şirniyyatlarına qonaq edildi, Azərbaycan xalçaları, milli musiqi alətləri, milli geyimlərimizin nümunələri ilə tanış olmaq imkanı əldə etdilər.

Tədbir çərçivəsində Belarus Respublikası Baş nazirinin müavini Vasili Jarkonun və Belarus Respublikasının təhsil naziri İqor Karpenkonun iştirakı ilə, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev və Belarus Respublikası təhsil nazirinin müavini Raisa Sidorenko tərəfindən “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Belarus Respublikası Təhsil Nazirliyi arasında 2018-2019-cu illər üzrə dövlət gənclər siyasəti sahəsində birgə tədbirlər planı” imzalandı.

Tədbirdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və səfirliyin əməkdaşları yaxından iştirak etmiş, daha sonra Səfir Lətif Qəndilovun iştirakı ilə Azərbaycan nümayəndə heyəti ilə səfirlikdə görüş keçirilmişdir.







Facebook-da paylaş