Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Milli Karate Federasiyasının prezidenti:Olimpiya təsnifat cədvəli olduğu kimi qalır

Azərbaycan Milli Karate Federasiyasının prezidenti:Olimpiya təsnifat cədvəli olduğu kimi qalır


Avropa Karate Federasiyası (EKF) idarə heyətinin videokonfrans formatında iclası keçirilib.
Azərbaycan Milli Karate Federasiyasından BrendSport.az -a verilən məlumata görə, virtual yığıncaqda cari məsələlər müzakirə olunub, bir sıra qərarlar qəbul edilib.
EKF-in prezidenti Antonio Espinos dünyada koronavirus pandemiyası səbəbindən karate idmanında da müəyyən dəyişikliklərə getməyin məcburi olduğunu söyləyib. A.Espinos bu ilin martında Bakıda keçirilməli olan, lakin pandemiya səbəbindən ləğv edilən böyüklər arasında 55-ci Avropa çempionatının Olimpiya təsnifatı statusunun 2021-ci ilin mayında İsveçin Geteborq şəhərində keçiriləcək analoji yarışa verildiyini açıqlayıb. Onun 2022-ci ildə Avropa çempionatının Bakıda təşkil edilməsi təklifi EKF İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov tərəfindən müsbət qarşılanıb.
Dünya Karate Federasiyasının (WKF) videokonfrans formatlı iclasında isə qarşıdakı Yay Olimpiya Oyunları ilə bağlı dəyişikliklər müzakirə olunaraq qərarlar qəbul edilib. Təsnifat formatında ciddi dəyişiklik etməyən WKF Olimpiadanın bir il ertələnməsi ilə əlaqədar Olimpiya vəsiqəsi qazanan idmançıların elan olunması vaxtının və lisenziya turnirlərinin təqvimində dəyişikliklər edib. Martda xüsusi Olimpiya reytinqi üzrə Olimpiadada iştirakı təsdiqlənən idmançılar cədvəlin hazırkı mövqeyində qalacaq və qarşıdakı lisenziya mərhələlərində tutduqları yeri möhkəmlətməkdə davam edəcəklər. Yekun siyahı 2021-ci ilin mayında xüsusi təsnifat turnirindən sonra açıqlanacaq. Təsnifat yarışlarından Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin təşkili 2021-ci ilin aprel ayına nəzərdə tutulub. Yarışların tarixləri ilə bağlı yekun qərar pandemiyanın vəziyyəti ilə əlaqədar olaraq bu ilin son kvartalında dəqiqləşdiriləcək.
WKF İdarə heyəti, həmçinin bu ilin payızında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində planlaşdırılan böyüklərin Dünya çempionatının gələn ilin noyabrında keçirilməsini qərara alıb. Gələn il Türkiyədə nəzərdə tutulan gənclərin dünya çempionatı isə növbəti ilə keçirilib.
Bu dəyişikliklərə münasibət bildirən Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov qeyd edib ki, bu ilin martında Bakıda keçirilməli olan və məlum səbəblərdən ləğv olunan böyüklər arasında Olimpiya təsnifatlı qitə çempionatını Azərbaycanın hər zaman yüksək səviyyədə təşkil etməyə hazır olması və 2021-ci ildə Bakıda keçirilməsi ilə bağlı EKF-ə rəsmi müraciət ediləcək. Federasiya rəhbəri EKF-in 2022-ci ildə Azərbaycana bir daha etimad göstərərək Avropa çempionatının Bakıda keçirilməsini təklif etdiyini və bu təklifin qəbul edildiyini də vurğulayıb. Y.Bəşirov bəzən ölkə mediasında karate ilə bağlı qeyri-dəqiq məlumatlara rast gəlindiyini və idmançıların nəticələri ilə yanaşı, federasiyanın fəaliyyətinə kölgə salan belə informasiyaların AMKF ilə razılaşdırılmadan ictimailəşdirilməsinin yaxşı hal olmadığını söyləyib. O əlavə edib ki, Olimpiya təsnifat cədvəli olduğu kimi qalır, milli komandanın liderləri Rafael Ağayev və İrina Zaretska çox böyük ehtimalla lisenziyalarını təmin ediblər. Bundan sonrakı yarışlarda çətin ki, reytinq cədvəlində geridə olan idmançılar onlara çatsınlar. Sadəcə Beynəlxalq Olimpiya Komitəsi (İOC) tərəfindən qarşıdakı Yay Oyunları bir il ertələndiyindən, WKF də açıqladığı Olimpiya iştirakçılarının siyahısını həmin müddətə ertələmək qərarına gəlib. Digər idmançılarımızın da Olimpiada iştirakçıları sırasına düşmə şansları var, bu xüsusi təsnifat turnirində məlum olacaq”.


Facebook-da paylaş

Xəbəri paylaş