Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyasının rəsmilərinin iştirakı ilə Bakıda keçirilən seminar mühüm əhəmiyyət daşıyır. Tədbirdə 100-dən çox mütəxəssis iştirak edib. Komissiyanın sədri Xavyer Eskalante də seminara qatılıb. O, birinci Avropa Oyunları, Avropa çempionatı zamanı Bakıda olub. Lakin hakim kimi seminar keçirmək üçün ilk dəfədir Bakıdadır.
BrendSport.az xəbər verir ki, Bunu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Azərbaycanda idman tədbirlərinin böyük uğurla təşkil edildiyini, o cümlədən seminarın da yüksək səviyyədə keçirildiyini vurğulayan Y.Bəşirov bildirib: “Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman növləri sürətlə inkişaf edir. Bu mühüm idman tədbirinin təşkilində Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi federasiyaya fəal dəstək göstərib. Bu gün ölkəmizdə idman tədbirləri uğurla təşkil edilir. Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib. Hakimlər, məşqçilər və idmançıların qaydalar və dəyişikliklərlə yaxından tanış olmaları vacibdir. Azərbaycanın şəhər və rayonlarından hakimlər, məşqçilər və idmançılar seminarda iştirak edərək biliklərini artırıblar”.
Facebook-da paylaş