“Mingəçevir Reqatası-2024” beynəlxalq turniri ilk dəfə Füzulidə keçiriləcək
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə “Mingəçevir Reqatası-2024” beynəlxalq turniri ilk dəfə işğaldan azad olunmuş Füzulidə - Aşağı Köndələnçay su anbarında təşkil ediləcək.
BrendSport.az xəbər verir ki, turnirdə 12 ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparacaq.
Yarışlara oktyabrın 16-da Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start veriləcək. Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq. Oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda ilk dəfə geniştərkibli idman tədbiri, həmçinin “Prezident Kuboku” və “Mingəçevir Reqatası”nı təşkil edib.
Facebook-da paylaş