Millinin böyük məşqçisi: Dünya çempionatında bəzi güləşçilərimiz potensialından aşağı çıxış etdi
“Dünya çempionatında bəzi idmançılarımız potensialına uyğun güləşmədi”.
BrendSport.az xəbər verir ki, bu sözləri 20 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi Arif Abdullayev federasiyanın rəsmi saytına müsahibəsində başa çatan mövsümü dəyərləndirərkən deyib.
Mütəxəssis yığmanın 2024-cü ildəki çıxışını qənaətbəxş hesab edib: “Üçüncü dəfə komanda hesabında Avropa çempionu olduq. 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazandıq. İspaniyanın Pontevedra şəhərində keçirilən dünya çempionatında isə daha yaxşı çıxış edə bilərdik. Yekunda 1 gümüş və 2 bürünc mükafata yiyələndik. Komanda hesabında isə 5-ci yeri tutduq. Gənclər arasında Avropa ikincisi, yeniyetmələr arasında dünya və Avropa çempionu Vasif Bağırov (57 kiloqram) mundiala az qalmış ayağından zədələndi. Həkimlərlə məsləhətləşdik. Daha böyük zədə almasın deyə riskə getmədik. Ona görə də çempionata Vasifi aparmadıq. Camal Abbasov (61 kiloqram) isə U-20 yaş qrupuna bu il keçib. Hələ ki, fiziki durumu bu yaş qrupuna tam uyğunlaşmayıb. Düzdür, Avropa çempionatında gümüş medal qazandı. Ancaq dünya çempionatı üçün hələ tam hazır deyildi. O, hələ daha 2 il gənclərdə çıxış edə bilər. Çalışacağıq ki, fiziki göstəricilərini və dözümlülüyünü artıraq. Medal qazanmasa da, Ayxan Abdullazadənin (65 kiloqram) çıxışını qeyd edə bilərəm. İranlı rəqibi ilə görüşdə hesabda 6:0 üstün idi. Ancaq sonra qələbəni əldən verdi. Deyərdim ki, qələbə üçün özünəinam çatmadı. Hesabı qorumağa çalışdı, amma alınmadı. Bu da yarış təcrübəsinin azlığından irəli gəlir”.
O, uzun fasilədən sonra böyük yarış arenasına çıxan Ağanəzər Novruzovun (74 kiloqram) ümidləri doğrultduğunu söyləyib: “Ondan belə nəticə gözləyirdik. Ağanəzər yeniyetmələr arasında Avropa və dünya üçüncüsü olub. Daha sonra hərbi xidmətə getdi. Bu il onu 3 yarışda sınadıq. Rusiyada keçirilən 2 ənənəvi yarışda özünü yaxşı tərəfdən göstərdi. Fiziki göstəriciləri və dözümlülüyü göz qabağındadır. Dünya çempionatının yarımfinalında amerikalı güləşçiyə minimal fərqlə uduzdu. Bürünc medal uğurunda görüşdə isə Rusiya güləşçisinə qalib gəldi”.
Böyüklər kateqoriyasına keçən güləşçilərin də şanslarını dəyərləndirən məşqçi gənc idmançıların nəticə üçün zamana ehtiyacları olduğunu deyib: “Ayxan Abdullazadə, Sadiq Mustafazadə və Ramik Heybətov kimi güləşçilər U-23 yaş qrupunda nəticə verə bilər. Ancaq böyüklərdə idmançı sayı çox olduğu üçün güclü rəqabət və hər çəkinin liderləri var. Bu baxımdan Dünya Güləş Birliyinin (UWW) U-23 yaş qrupunu yaratması çox yaxşı oldu. Bu halda gənclər yığmasından yuxarı qalxan güləşçilər itmir və böyüklər kateqoriyasına uyğunlaşana kimi U-23 yaş qrupunda çıxış edir”.
Gələn il yeni heyət formalaşdıracaqlarını qeyd edən A.Abdullayev yayda U-17 millisi ilə birgə Xaçmazda təlim-məşq toplanışı keçdiklərini əlavə edib: “Biz fiziki, onlar isə taktiki-texniki hazırlıq üzrə toplanış keçirdi. İstedadlı güləşçiləri qeydə almışıq. Gələn il əsas seçim U-20 Azərbaycan çempionatında olacaq. Bu il yeniyetmələrdə Avropa və dünya çempionatında medal qazanmış 2007-ci il təvəllüdlü güləşçilər hətta daxili yarışda yer tutmasa belə, onları nəzarətdə saxlayacaq və təlim-məşq proseslərinə cəlb edəcəyik. Əvvəllər “AGF Kuboku” və “Hünər meydanı” kimi seçim xarakterli yarışlar keçirilirdi. Bu da heyəti müəyyənləşdirərkən işimizi daha da asanlaşdırırdı. Güləşçilərimiz yarışlarda nə qədər çox iştirak edib, təcrübə toplasalar, bir o qədər uğur qazanmaq şansları artar”.
Facebook-da paylaş