Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” başlayır

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” başlayır
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

BrendSport.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər martın 4-dən mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.
Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, eyni zamanda, tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilər. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.
“Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.
“Bakı Marafonu-2019”un mükafatlandırılması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.
O cümlədən bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.
Bundan əlavə, marşrut boyunca bir sıra əyləncəli proqramlar təşkil ediləcək.
Qeyd edək ki, ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı qeydiyyatdan keçmişdi.
Keçən yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, ABŞ, Braziliya, Çex Respublikası, Fransa, Hindistan, İran, İsveçrə, İspaniya, Qazaxıstan, Malayziya, Meksika, Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Ukrayna və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının təmsilçiləri də qoşulmuşdu. Yarımarafonlarda ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İraq, İran, İspaniya, Keniya, Kolumbiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdən turistlər də iştirak etmişdi. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.
“Bakı Marafonu-2019” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin rəsmi feysbuk səhifəsi - www.facebook.com/bakumarathon və www.baku.marathon.az saytında təqdim ediləcək.


Facebook-da paylaş

Xəbəri paylaş