Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Şəkidə zona toplantısı keçirilib
Şəki şəhərində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, müxtəlif dövlət qurumlarının nümayəndələri, şəhər rəhbərliyi, ölkəmizin şimal-qərb bölgəsinə daxil olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının fəal gəncləri iştirak ediblər.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın BrendSport.az saytına verdiyi məlumata görə, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir iştirakçıları teatrın foyesində “Gənclərin iştirakçılığı, təşəbbüs və yaradıcılığı” adlı sərgi ilə tanış olublar.
Toplantının əvvəlində Azərbaycanın Dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində reallaşan zona toplantısının əlamətdar bir zamanda - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 iliyinin böyük təntənə ilə qeyd edildiyi bir dövrdə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Zona toplantısında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətimizin başçısının tariximizə, zəngin dövlətçilik ənənələrimizə, milli-mədəni irsimizə olan hörmət və diqqətinin bariz nümunəsidir.
Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan nazir müavini Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin fikirlərini öyrənmək, gənclər və dövlət qurumları arasında açıq ünsiyyət qurmaq üçün Ulu Öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinin gənclər təşkilatlarının sonrakı fəaliyyətinə çox böyük təsir göstərdiyini bildirib.
İntiqam Babayev deyib: “Arxaya baxdıqda görürük ki, həmin Forumdan sonra müstəqil Azərbaycanda gənclərə olan münasibət kökündən dəyişdi, gəncliyin problemləri, gənclik mövzusu gündəmə gəldi. Forumun ardınca Ulu Öndər tərəfindən imzalanmış fərman və sərəncamlar, qəbul edilmiş qanunlar, Dövlət proqramları və digər tədbirlər tədricən gənclərlə iş sahəsini daha da genişləndirdi və gücləndirdi”.
Nazir müavini bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənclik mövzusu yenə də əsas prioritet istiqamətlərdən biri hesab olunur. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilərək bacarıqlarının stimullaşdırılması üçün hərtərəfli şərait yaradılıb. “Bu gün biz müstəqilliyimizin tarixi qədər yaşı olan yeni bir nəslin formalaşmasının şahidiyik. Azərbaycan gəncliyi ölkə daxilində bütün sahələrdə öz dəsti-xəttini, potensialını, bilik və bacarığını nümayiş etdirir. Eyni zamanda, dünya miqyasında müxtəlif mötəbər kürsülərdə Azərbaycanı layiqincə təmsil edir, Azərbaycan adının qürurla çəkilməsi üçün səylərini əsirgəmirlər”, - deyə İntiqam Babayev qeyd edib.
Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və başqaları çıxış edərək, ölkənin ictimai-siyasi həyatında gənclərin rolunu yüksək qiymətləndirib, Azərbaycan gənclərinin qazandıqları uğurlardan söhbət açıb, gəncləri daha fəal olmağa çağırıblar.
Ekspertlərin çıxışlarından sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların çox saylı sualları cavablandırılıb.
Sonda Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiqlənib.
Facebook-da paylaş