Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb

Milli Gimnastika Arenası növbəti dəfə möhtəşəm idman hadisəsinə ev sahibliyi edir.
BrendSport.az xəbər verir ki, artıq 13-cü dəfədir ölkəmizdə keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna 42 ölkədən ən istedadlı gimnastlar toplaşıblar. Bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun "Los-Anceles-2028" Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır.
Üç gün davam edəcək yarış zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayacaqlar.
Kubokun ilk 2 günü təsnifat mərhələsi keçiriləcək, sonuncu gün isə finallar baş tutacaq. Bu gün start götürən yarışlara aprelin 19-da yekun vurulacaq.
Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq “AGF Trophy” mükafatına layiq görüləcək.
Facebook-da paylaş





















