Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turniri keçiriləcək
Aprelin 14-dən 16-dək Bakıda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turniri keçiriləcək.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, budəfəki yarışda gənc bədii gimnastlara böyüklər də qoşulacaqlar.
Azərbaycan ilk dəfə olaraq 2018-ci, daha sonra isə 2019-cu ildə bu növ üzrə gənclər arasında “AGF Trophy” adlı beynəlxalq turnirə ev sahibliyi edib. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də eyni məkanda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.
Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Qeyd edək ki, Bakıda keçiriləcək dünya kuboku yarışlarında 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir. Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq. Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
Facebook-da paylaş