Zöhrə Ağamirova bədii gimnastika üzrə dünya kubokunda halqa ilə proqramını nümayiş etdirib
Azərbaycan idmançısı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında halqa ilə proqramını nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, gimnastımızın çıxışı 29,750 xalla qiymətləndirilib və Z.Ağamirova hazırda ikinci pillədə yer alıb.
Halqa ilə təsnifat mərhələsinə 30,800 xalla Yunanıstan təmsilçisi Panagiota Litra liderlik edir. Digər təmsilçimiz Alina Gözəlova isə beşincidir.
Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.
Turnirdə ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq yeddinci dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
Facebook-da paylaş