"Heydər Əliyev İli"nə həsr olunmuş boks birinciliyinin qalibləri müəyyənləşib
İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli"nə həsr olunmuş yeniyetmələr arasında boks üzrə Naxçıvan birinciliyinin final görüşləri keçirilib.
BrendSport.az xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü boksçuları əhatə edən yarışda 12 çəki dərəcəsi üzrə 60 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Üç gün davam edən birinciliyin sonunda ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə təltif olunublar.
Nəticələrə əsasən, Kamal Məmmədov (44 kiloqram), Musa Əliyev (46 kiloqram), Mirkərim Seyidov (48 kiloqram), Fikrət Abbasov (50 kiloqram), Babək Babayev (52 kiloqram), Ümid Məmmədov (54 kiloqram), Haqverdi Həsənov (57 kiloqram), Ruhin Səfərov (60 kiloqram), Müzəffər Bəylərov (63 kiloqram), Uğur Əliyev (66 kiloqram), Nurlan Nəsirov (70 kiloqram) və Turqay Abbasov (75 kiloqram) öz çəki dərəcələrində turnirin qalibi olublar.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyasının birgə təşkil etdiyi yarış bu idman növünün regionda inkişafı, idmançıların döyüş təcrübəsinin artırılması, perspektivli boksçuların üzə çıxarılması və yığma komandaya cəlb olunmasına xidmət edir.
Facebook-da paylaş