Üzgüçülük üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib.
BrendSport.az xəbər verir ki, sprint növü üzrə qızlar arasında Fatimə Alkərəmova, stayer növündə isə Kseniya Voronina ölkə kubokunun sahibi olublar. Oğlanlar arasında isə Ramil Vəlizadə (sprint) və Süleyman İsmayılzadə (stayer) birinci yerə layiq görülüblər.
Turnirdə yığmanın üzvü, 2008-ci il təvəllüdlü Anastasiya Boborokina ilk dəfə olaraq idman ustası normativini yerinə yetirib. Bundan başqa 2012-ci il təvəllüdlü Orxan Əliyev və Məryəm Cavadova ilk dəfə idman ustalığına namizəd normativlərini yerinə yetiriblər.
Həmçinin yarışda fəal iştirak edən 58 könüllü və hakimlərə federasiya tərəfindən sertifikatlar təqdim edilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Bakı Su İdmanı Sarayının dəstəyi ilə keçirilən kubok uğrunda yarışlarda ilk pillənin qaliblərindən başqa, digər yaxşı nəticələr göstərənlər də medal və diplomlarla təltif olunublar.
Facebook-da paylaş