FHN komandası “Heydər Əliyev - 100” turnirinin qalibi oldu
Mayın 7-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub. Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə 2022-ci ilin noyabrından start götürmüş turnirdə 52 dövlət qurumu təmsil olunub.
BrendSport.az xəbər verir ki, Bakı Tennis Akademiyasında əvvəlcə üçüncü yer uğrunda qarşılaşma keçirilib. SOCAR Dövlət Gömrük Komitəsi komandasına 1:0 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib çıxıb. Final oyununda Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyi qarşılaşması daha gərgin idman mübarizəsində keçib. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 0:0. Penaltilər seriyasında daha dəqiq olan (8:7) FHN komandası DTX komandasına qalib gəlib. Beləliklə, yarışın qalibi FHN komandası olub. İkinci və üçüncü yerlərə DTX və SOCAR layiq görülüblər. Dövlət Gömrük Komitəsinin komandası isə yarışı dördüncü pillədə başa vurub.
Turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (FHN, 33 qol), ən yaxşı qapıçısı isə Yəhya Nağıyev (FHN) seçiliblər. Yarışın "Fair-play" mükafatı isə Xarici İşlər Nazirliyinin komandasına təqdim olunub.
Qaliblərə mükafatları fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, KOBİA İdarə Heyətinin sədri, Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, "Azərişıq" ASC-nin sədri, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cudabu, AFFA-nın baş katibi Sərxan Hacıyev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.
Tədbirin su təminatını öz üzərinə götürən Veysəloğlu Şirkətlər Qrupuna, qrupa daxil olan “OBA" marketlər şəbəkəsinə və "Saf bulaq" su markasına xüsusi təşəkkür edirik.
Facebook-da paylaş