Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdman gimnastları “Tokio-2020”yə lisenziyalar uğrunda Bakıda mübarizə aparacaqlar



Milli Gimnastika Arenası dekabrda daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.

BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır.

Qadınların qitə birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bütün dünyada yayılmış “COVID-19” pandemiyası ilə əlaqədar bu yarış da təxirə salınıb. Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirib. Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında Avropa Gimnastikası yarışın Bakıda keçirilməsi barədə qərar qəbul edib.

Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov çempionatların yeni tarixi ilə bağlı qeyd edib ki, bu qərarlar milli federasiyalardan verilən məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edilib :“Hazırda biz yarışların bu ilin payız aylarında təşkil edilə biləcəyini düşünürük. Lakin Avropa Gimnastikası qarşıdakı aylarda da vəziyyətin təhlilini davam etdirəcək. Əgər vəziyyət sonrakı mərhələdə artıq kifayət qədər təhlükəli hesab olunmazsa biz müvafiq addımı atacağıq. Gimnastlar, məşqçilər, tamaşaçıların sağlamlığı bizim əsas qayğımız olaraq qalır”.

Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Belə ki, çempionat “Tokio-2020”yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək.

Qeyd edək ki, kişi idman gimnastikası üzrə Avropa çempionatı dekabrın 9-13-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş