"Bu gün milliyə gələnlərdən elə bir oyunçu yoxdu ki, maksimum çalışmasın"
“Üçüncü toplanışımızdı. Futbolçuların daha yaxşı hazır olması üçün çalışırıq”. Bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov deyib.
46 yaşlı mütəxəssis yığmamızın mayın 29-da keçiriləcək Qırğızıstanla yoxlama oyununa həsr olunan mətbuat konfransına qatılıb. Qurbanov Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb və jurnalistlərin suallarını cavablandırınb: “Getdikcə futbolçuların təcrübə yığdıqlarını hiss edirəm. İşlərinə daha ciddi yanaşırlar. İnanıram ki, qarşıdakı ilk oyunumuzda özlərini yaxşı tərəfdən göstəməyə çalışacaqlar”.
- Millətlər Liqasına az qalıb. Bu heyətin yekun heyət olduğunu demək olar?
- Deməzdim. Həmişə axtarışdayıq. Çalışırıq ki, daha hazırlıqlı futbolçular heyətdə olsun. Ancaq bəzi mövqelər var ki, təcrübəsi aşağı olsa da, yaşına və karyerasına görə orda kiməsə üstünlük veririk. Yeni toplantıda yeni simaların olacağını istisna etmirəm.
- Bildirmişdiz ki, 3 görüşdən sonra optimal heyət formalaşacaq. Qırğızıstanın ən tanınmış futbolçusu Türkiyə 3-cü divizionunda oynayır. Qırğızıstan kimi yığma ilə oyunda optimal heyətin formalaşması mümkündürmü?
- Heç bir komandaya qarşı mənfi fikirdə olmamışam. Üçüncü divizionda oynaması bir şeyi dəyişmir. Hər bir halda milli komandadı. Mən Qırğızıstana zəif gözüylə baxmıram. Fərqli oyun tərzləri var. Bu rəqibə qarşı oynamaq istəyirdik və bu da baş tutdu. Rəqibi ciddiyə alıram.
- “Qəbələ” və “Keşlə” oyunçularının oynatmaq barədə yekun nəticəyə gəlmisizmi? Kapitan Kamran Ağayev olmadıqda kapitan kim olacaq?
- Ürfanla Ruslanı oyuna buraxmayacağıq. Kapitan məsələsinə hələ aydınlıq gəlməyib.
- Riçard Almeyda haqda fikriniz? Doğrudanmı zədəsi ciddidi? Yoxsa yeni klubla danışıqlara görə düşərgədən ayrıldı? Cavid Hüseynovun aqressiyası ilə bağlı fikirləriniz?
- Almeydanın zədəsi ciddidi. Çempionatda da iki oyunu buraxdı. Qırğızıstanla oyunu buraxa biləcəyini düşündüm. Meydana çıxmasına ehtiyac görmədim. İstirahətə göndərdim. Cavidə gəlincə, belə şeylərə diqqət yetirirəm. Hərəkətindən narazıyam. Keçən toplanışda bizim sıralarımızda yox idi. Təəssüf ki, bu hərəkətlər yenidən təkrarlanır. Toplantıda bizlədi. Final oyunundan öncə onunla danışmaq istəmədk. Oyundan sonra ciddi söhbətimiz olacaq.
- Azər Əliyev, Dəniz Yılmz kimi isimlərin millidə çoxalması halı davam edəcəkmi?
- Dəfələrlə demişəm çempionatın səviyyəsi aşağıdı. Əlavə oyunçulara ehtiyac var. Azərin komadnada olub-olmayacağını deyə bilmərəm. Daim izləyirik. Başqa oyunçuları da həmçinin. Qarşıdakı oyunlarda dəyişiklik ola bilər. Daha yaxşı çempionatlardan oyunçu cəlb etmək işimizə fayda verər. Fikrimizdə var.
- Sizin komandalarda kapitanlar lider şəxslər olurdu. Kamran Ağayev bu mənada kriteriyalara bir az uyğun gəlmir. Kamran dəyişibmi?
- Kamrandan nə desən gözləmək olar. Onunla söhbətim olub. Çox dəyişib, amma təəssüf ki, bəzən görürsən, xasiyyətindən əl çəkmir. Bu gün komandanın ən təcrübəli oyunçusu odu və kapitanlığı haqq edir. Bu, kapitanın heç vaxt dəyişməyəcəyi anlamına gəlmir. Hazırda Kamrana güvənirəm.
- Söz-söhbətlərə görə, “Qarabağ”ın yerli oyunçularına da təkliflər var. Doğrudurmu?
- Yerlilərdən konkret təklif olan futbolçu yoxdu. Menecerlərin kimləsə maraqlandığını isə deyə bilmərəm.
- Yığmada ən problemli mövqe hansıdı?
- Problemi olmayan nə yığma, nə komanda var. Heyətdən çox başqa problemlərimiz var. Onları həll etməyə çalışmalıyıq. Potensiallı oyunçularımızın xaricdə oynamalarını istəsəm də, bizim çempionatın səviyyəcə geri qalması istər-istəməz həmin oyunçulara da təsir edir. Bu gün milliyə gələnlərdən elə bir oyunçu yoxdu ki, maksimum çalışmasın. Komandaya məsuliyyətlə yanaşmaları yığma üçün önəmli amildi. Bu toplantıda bunu daha çox hiss etdim. Komandaya güvənirəm və birlikdə yaxşı oyun qurub, nəticə qazanmağa çalışırıq.
- Rahid Əmirquliyevlə Ağabala Ramazanov istər “Qarabağ”da, istər millidə əsas heyətdən kənar qaldılar. Bunun səbəbi nədi?
- Futbolçu 10 il eyni səviyyədə oynaya bilməz, həmçinin bir klubdakı oyununu başqa bir yerdə göstərə bilməz. Onların hər ikisinin daha çox oynamağa ehtiyacı var. Milli karyeralarının bitdiyini də düşünmürəm. Klublarında özlərini yaxşı tərəfdən göstərsələr, mütləq milliyə cəlb olunacaqlar.
- Araz Abdullayev, Ufak Budak və Bədavi Hüseynov - onların fiziki və psixoloji vəziyyətləri necədi?
- Arazda hər şey yaxşıdı. Düzdü, son oyunlarda az meydanda olsa da, fiziki durumu yaxşıdı. Bədavidə hər şey yaxşılığa doğru gedir. “Qarabağ”da tam məşqlərə başlamışdı, indi də millidə. Sadəcə, oyun təcrübəsi azdı. Çalışırıq ki, bu oyunların hansısa birində ona 20-30 dəqiqə şans verək. Millətlər Liqasına qədər hazır olacağını düşünürəm. Ufukun fiziki tam hazır olmadığını bilirdik. 2 aydan çoxdu ki, oyun təcrübəsi yoxdu. Hətta “Qarabağ”da hazırlığa başlamışdı. Formasını bərpa etməsini istəyirdim. 5-6 gün birlikdə olduq. Fiziki durumu ideal olmasa da, yaxşılığa doğru gedir. Bu oyunda yəqin ki, əsas heyətdə olmayacaq.
- Millətlər Liqasındakı rəqiblər haqqında informasiya toplamasızmı?
- Çoxdan başlamışıq, hətta oyunlarına canlı baxmışıq. Yeni bir məlumat olan kimi xəbər tuturuq.
- “Qarabağ”ın heyətində dəyişikliklər edilməsi azarkeşlərin narahatlığına səbəb olmuşdu...
- Narahatlıq hamımızda var. Gedənlərin sayı bir az çox oldu, ancaq düşünürəm ki, yaxın günlərdə hər şey qaydasına düşəcək.
Facebook-da paylaş