“İdman elə bir sahədir ki, ölkənin bayrağını beynalxalq arenalarda yüksəklərə qaldırır və dünyaya daha çox tanıtdırır”
“Beş ildən çox xidmət etmişəm və bu gün də Ali Baş Komandan cənab prezident İlham Əliyevin döyüşə qatılmaq üçün əmrini gözləyirəm”
Yeni layihəmiz çərçivəsində idman aləmində tanınmış simalarla, eyni zamanda bu sahədə çalışan insanlarla idmandan başqa, ictimai-siyasi həyatımızda baş verən digər yeniliklər barədə söhbətlərimizi davam etdiririk.
Budəfəki qonağımız birinci Qarabağ müharibəsi iştirakçısı, “Şəffaflıq” qəzetinin təsisçisi və baş redaktoru Vahid İsmaylovdur.
- Vahid müəllim, özünüz haqda bir az oxucularımıza məlumat verərdiniz.
- Adətən, özüm barədə danışmağı xoşlamıram. Həmişə istəmişəm ki, özümə borc bilib keşiyində durduğum xalqım mənim xidmətlərim barədə danışsın. Hamıya məlumdur ki, birinci Qarabağ savaşının iştirakçısı olmuşam.
Beş ildən çox xidmət etmişəm və bu gün də Ali Baş Komandan cənab prezident İlham Əliyevin döyüşə qatılmaq üçün əmrini gözləyirəm. İxtisasca aqromühəndisəm, yaradıcı insanam, gəncliyimin çox hissəsini tikinti sahəsinə həsr etmişəm.
Bakı şəhərindən tutmuş bir çox bölgələrimizdə tikinti-bərpa işlərində iş icraçısı və mühəndis işinin öhdəsindən bacardığım qədər gəlmişəm. Yaşadığım Şamaxı şəhərində bir sıra dövlət obyektlərində də iş içraçısı kimi işlər aparmışam.
2011-ci ilin may ayından isə "Şəffaflıq" qəzetini təsis etmişəm. Hazırda da həmin qəzetin təsisçi və baş redaktoruyam. 7 ildir ki, qəzetimiz tam şəffaf olaraq işini davam etdirir.
2017- ilin əvvəlindən "Dəyanət .A.A " MMC-ni təsis etmişəm.
- Bilirsiniz ki, saytımız idman saytıdı. Sizin idmana olan marağınız necədi?
- Mən özüm də uşaqlıq və gənclik yaşlarımda idmanla məşğul olmuşam. Bu gün də çalışıram ki, imkanlarım daxilində idmana dəstək olum, idman tədbirlərində iştirak edim. Bu sahədə gənclərimizə bildiklərimi aşılayım, onların idmanla məşğul olmalarının həm özlərinə, həm də ölkəmizə nə qədər xeyirli olmasını anlata bilim. Çünki idman elə bir sahədir ki, ölkənin bayrağını beynalxalq arenalarda yüksəklərə qaldırır və ölkəmizi dünyaya daha çox tanıtdırır.
- Bir mətbuat adamı olaraq idmana olan dəstəyiniz hansı səviyyədədir?
- Bu sualınıza cavab olaraq bildirim ki, qəzetimiz bir neçə turnirlərə dəvət olunub. Biz də öz növbəmizdə qalibləri həm cəmiyyətimiz, həm də qəzetimiz adından fəxri fərmanlarla təltif edərək onlara mənəvi dayaq olmağa, düz yolda olduqlarını başa salmağa çalışmışıq.
Eyni zamanda qəzetimiz vasitəsilə bu kimi tədbirlərə informasiya dəstəyi vermişik. Demək olar ki, qəzetimizin bütün saylarında idmana önəm verilmişdir və bu gün də işimizi bu yöndə davam etdiririk.
- İstər mətbuat adamı, istər idmançı, istərsə də digər sahənin adamı olsaq da hər birimiz öncə vətəndaşıq. Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Bu barədə nə düşünürsüz?
- Doğru buyurdunuz. Hər şeydən əvvəl ilk növbədə hər birimiz vətəndaşıq və bu kimi ölkə əhəmiyyətli tədbirlərdə aktiv olmalıyıq. Prezident seçkilərinə gəlincə, münasibətim müsbətdir. Bu seçki növbədən kənar olsa da, bu xalqın seçimidir.
Qeyd edim ki, Yeni Azərbaycan Partiyası öz nüməyəndəsini - cənab prezidentimiz İlham Heydər oğlu Əliyevin namizədliyini irəli sürüb. Bu yolda mən də öz dəstəyimi verəcəm və seçkilərdə cənab prezident İlham Əliyevə uğurlar arzulayıram.
Alxas Məmmədov
Facebook-da paylaş