Voleybol üzrə Azərbaycan çempionatı: “Murov” turnir cədvəlində liderliyini möhkəmləndirib
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının üçüncü dövrəsində iki oyun keçirilib.
BrendSport.az xəbər verir ki, IX tur çərçivəsində “Murov” “Xarı bülbül”lə, “Neftçi” MOİK-lə qarşılaşıb.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan turun ilk matçı “Murov” və “Xarı bülbül” komandaları arasında olub.
Qarşılaşma “Murov”un 25:16 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:22 və 25:21 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası matçı qələbə ilə yekunlaşdırıb - 3:0.
Bu turun son matçı “Neftçi” və MOİK komandaları arasında keçirilib. Görüş “Neftçi”nin 25:23 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin yetirmələri 25:18 hesabı ilə qalib gəliblər. Üçüncü və dördüncü setlərdə isə yenidən Pərviz Səmədovun komandası 25:13 və 25:23 hesabı ilə qələbə qazanıb - 3:1.
Beləliklə, IX turdan sonra “Murov” 23 xalla turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
Facebook-da paylaş