Azərbaycanın qadın boksçuları III MDB Oyunlarını 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurub

Bu gün III MDB Oyunlarının boks yarışlarında qadınlar arasında final döyüşləri yekunlaşıb.
BrendSport.az xəbər verir ki, boks yarışlarında qadınlar arasında müxtəlif çəki dərəcələrində qızıl medallar uğrunda döyüşlər keçirilib.
Azərbaycan millisinin 6 təmsilçisi qızıl medal uğrunda rinqə çıxıb. Boksçularımızdan 1-i qızıl, 5-i isə gümüş medalla turniri başa vurub. Belə ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən Gülər Hüseynova finalda rusiyalı Daria Qavrina üzərində qələbə qazanaraq qızıl medala sahib olub. Digər boksçularımız Aysel Fərəcova (46 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (54 kiloqram), Fidan Bakarova (63 kiloqram) və Aynur İsmayılova (60 kiloqram) finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.
Bundan əvvəl Aylin Nəzərova (46 kiloqram), Zəhra Məmmədova (52 kiloqram), Mirrüqeyya Azərpur (57 kiloqram) və Səma Abbasova (66 kiloqram) bürünc medallar qazanıblar.
Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Digər final döyüşlərində isə rusiyalı boksçu Viktoriya Klimova (46 kiloqram), özbək idmançıları Nazokat Mardonova (50 kiloqram), Sabina Mirzaeva (52 kiloqram), Kumriniso Muhammədova (54 kiloqram), Farzuna Ruzieva (57 kiloqram) və Rushanabonu İsoeva (63 kiloqram), Qazaxıstan təmsilçiləri Jasmin Abramyan (60 kiloqram) və Dilyara Tursynbek (66 kiloqram) qızıl medallara sahib olublar.
Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.


Facebook-da paylaş
