Azərbaycanın stolüstü tennis millisinin məşqçisi: III MDB Oyunlarından medal gözləntilərimiz yüksəkdir

Hər yaş kateqoriyasında medal uğrunda mübarizə aparacağıq.
BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycan stolüstü tennis üzrə yığmasının məşqçisi Ramil Cəfərov ölkəmizdə keçiriləcək III MDB Oyunlarına hazırlıqlarla bağlı danışarkən deyib.
O, komandanın hazırlıq prosesi, yaxın planları və hədəflərindən bəhs edib: “III MDB Oyunlarında iştirak edəcək komandanın heyəti təxminən altı ay əvvəl formalaşdırılıb və o vaxtdan bəri idmançılar planlı şəkildə məşqlərini davam etdirirlər. Azərbaycan Stolüstü Tennis Federasiyası bizə bütün zəruri şəraiti təmin edib. Avqust ayında Çində təlim-məşq toplanışımız təşkil olunmuşdur. Həmçinin hazırlıq mərhələsi çərçivəsində beynəlxalq turnirdə iştirak etməyi planlaşdırırıq. Komanda III MDB Oyunlarına tam hazır olacaq”.
Məşqçi yarışlarda 2008 və 2011-ci il təvəllüdlü idmançıların iştirak edəcəyini bildirib: “Yaşlarına baxmayaraq, Azərbaycan tennisçiləri artıq öz sözlərini deyirlər. Yaxın zamanda böyüklər arasında keçirilən ölkə çempionatında gənc idmançımız Onur Quluzadə çempion oldu, Adil Əhmədzadə isə üçüncü yeri tutdu. Qızlar arasında isə Mərziyyə Nurbatova çempion titulunu qazandı. Hər üç idmançı MDB Oyunlarında iştirak edəcək. Bu isə onların artıq böyüklərlə ciddi rəqabət apardıqlarını və hətta onlardan üstün olduqlarını göstərir”.
“Biz gələcək bütün rəqibləri tam tanımırıq, amma çoxunu beynəlxalq turnirlərdə görmüşük. Nəyə qadir olduqlarını bilirik və hesab edirik ki, idmançılarımız onlardan heç də geri qalmır. Gözləntilərimiz yüksəkdir – minimum finala vəsiqə qazanmaqdır. Hər yaş kateqoriyasında medal uğrunda mübarizə aparacağıq”, – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanı 28 sentyabr – 8 oktyabr tarixlərində keçiriləcək III MDB Oyunlarında altı stolüstü tennisçi təmsil edəcək.




Facebook-da paylaş
