Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın dörd yunan-Roma güləşçisi Avropa çempionatının yarımfinal mərhələsinə adlayıb

Azərbaycanın dörd yunan-Roma güləşçisi Avropa çempionatının yarımfinal mərhələsinə adlayıb


Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
BrendSport.az xəbər verir ki, yarışın altıncı günündə - aprelin 2-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib - 8:0. M.Məmmədov dörddəbir finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb - 6:1. Güləşçimiz yarımfinalda türkiyəli Kerem Kamalla qarşılaşacaq.
Millimizin üzvü Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. H.Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernatek 5:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Təmsilçimiz finalın bir addımlığında türkiyəli Murat Firarla üz-üzə gələcək.
Ülvü Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Ü.Qənizadə dörddəbir finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabı ilə geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. İdmançımız yarımfinalda gürcü Şmaqi Bolkvadzeylə güləşəcək.
Rafiq Hüseynovun (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Güləşçimiz final yolunda moldovalı Mixail Braduyla qarşılaşacaq.
Murat Lokyayev (97 kq) səkkizdəbir finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7.
Qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb. Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş