Gənclər və İdman Nazirliyinin yeni loqosunun təqdimatı olub
Martın 18-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yeni loqosunun təqdimatı olub.
BrendSport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Olimpiya və Paralimpiya çempionları, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən nazir Fərid Qayıbov yeni loqonun 100-dək variant arasından seçildiyini vurğulayıb: “Nazirliyin müasir tələblərə uyğun yeni loqosunun hazırlanmasına ehtiyac var idi. Belə qərara gəldik ki, müsabiqə elan edək. Təqdim edilən 100-dək loqo təklifi arasından qalib loqo seçildi. Düşünürəm ki, yeni loqo müasir tələblərə cavab verir. Fürsətdən istifadə edib gənclərimizi, idmançılarımızı Novruz bayramı münasibətilə təbrik edir, onlara uğurlar arzulayıram. Daha böyük qələbələr irəlidədir”.
Fərid Qayıbov ötən gün Prezident İlham Əliyevin Avropa çempionu adını qazanan 23 yaşadək güləşçilərimizi qəbul etməsinin əhəmiyyətini xüsusi vurğulayaraq deyib: “Ötən gün 23 yaşadək güləşçilərimizi qəbul edən Prezident İlham Əliyev bir daha göstərdi ki, idman siyasəti dövlətimiz üçün prioritet sahədir. Dövlət idmançıların nailiyyətlərini daim yüksək qiymətləndirir”.
Yeni loqonu təqdim edən “Paradox” şirkətinin dizayn rəhbəri Şamil Ramazanov nazirliyin 20 ildir istifadə edilən əvvəlki loqosunun müasir dövrün tələblərinə uyğun olaraq yenilənməsinə ehtiyac duyulduğunu diqqətə çatdıraraq bildirib: “Əvvəlkindən fərqli olaraq yeni loqo unikal və yaddaqalandır. Digər tərəfdən o, özündə nazirliyin baxış strategiyasını əks etdirir”.
Facebook-da paylaş