Futzal üzrə Avropa çempionatında yarımfinalçılar müəyyənləşib
Futzal üzrə Avropa çempionatının dörddəbir finalında Rusiya millisi Gürcüstan yığması ilə qarşılaşıb.
BrendSport.az xəbər verir ki, qarşılaşmanın aşkar favoriti olan Rusiya futzalçıları ilk hissədə rəqibin müqavimətini qıra bilməyiblər. Fasilədən sonra Rusiya millisi hesabı açsa da, cəmi 1 dəqiqə sonra tarazlıq bərpa olunub. Amma Gürcüstan təmsilçilərinin bundan artığına gücü çatmayıb. Qalan vaxt ərzində isə Rusiya futzalçıları 2 qol vuraraq 3:1 hesablı qələbə qazanıblar. Rusiya millisi yarımfinalda Ukrayna komandası ilə üz-üzə gələcək.
Günün digər qarşılaşmasında İspaniya kollektivi Slovakiya seçməsi ilə üz-üzə gəlib. Gözlənildiyi kimi ispaniyalı futzalçılar görüşə daha yaxşı başlayıblar. Onlar ilk hissədə rəqib qapısından 3 cavabsız top keçiriblər. Fasilədən sonra da azarkeşlər 3 qol görüblər. Amma bu dəfə bunlardan biri slovakiyalıların aktivinə yazılıb. Beləliklə, 5:1 hesablı qələbə qazanan İspaniya futzalçıları yarımfinala yüksəliblər. Finala gedən yolda İspaniya yığması Portuqaliya kollektivi ilə mübarizə aparacaq.
Yarımfinal mərhələsinin oyunları fevralın 4-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Gürcüstana 2:3 hesabı ilə məğlub olub. İspaniya seçməsi ilə 2:2 hesablı heç-heçə edən futzalçılarımız Bosniya və Herseqovinaya 5:2 hesabı ilə qalib gəliblər. Qrupda üçüncü olan Azərbaycan millisi növbəti mərhələyə vəsiqə qazana bilməyib.
Facebook-da paylaş