Braziliya yığması “DÇ-2022”nin final mərhələsinə vəsiqə qazanıb
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Cənubi Amerika zonası üzrə 13-cü turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, hesabat turunun maraqlı qarşılaşması yarış cədvəlinə vahid liderlik edən Braziliya millisi ilə Kolumbiya yığması arasında olub. Oyun beşqat dünya çempionunun minimal hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 72-ci dəqiqədə Lukas Paketa vurub. Bu qələbədən sonra aktivindəki xalların sayını 34-ə çatdıran Braziliya millisi yarış cədvəlindəki liderlik mövqeyini gücləndirməklə yanaşı, həm də qalan oyunların nəticəsindən asılı olmayaraq mundialın Qətərdə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Bununla da, Braziliya yığması Cənubi Amerikadan “DÇ-2022”nin final mərhələsində iştirak hüququ qazanan ilk komanda olub.
Turun digər oyunlarında Ekvador doğma divarlar arasında Venesuelanı, Çili isə səfərdə Paraqvayı 1:0 hesabı ilə məğlub edib. Peru millisi evdə Boliviyanı böyük hesabla üstələyib – 3:0. Liderin ən yaxın izləyicisi olan Argentina millisi noyabrın 13-də Uruqvayın qonağı olacaq. Lionel Messinin komandası həmin gün 12-ci matçına çıxacaq.
On üç turdan sonra bombardirlər siyahısına 8 qol və 9 məhsuldar ötürmə ilə Marselo Moreno (Boliviya) liderlik edir. İkinci pillədə 7 qol və 15 məhsuldar ötürmə ilə Neymar (Braziliya) qərarlaşıb. İlk üçlüyü aktivinə 6 qol və eyni sayda məhsuldar ötürmə olan Lionel Messi (Argentina) tamamlayır.
Hazırda turnir cədvəlində liderlik edən Braziliya yığmasından sonra ikinci və üçüncü pillələrdə 11 oyundan 25 xal toplayan Argentina və 13 oyundan 20 xal yığan Ekvador komandaları qərarlaşıblar.
Facebook-da paylaş