“Shamkir Chess 2019” superturnirində ikinci turun partiyaları oynanılıb
Aprelin 1-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” superturnirində ikinci turun partiyaları oynanılıb.
BrendSport.az xəbər verir ki, ikinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Partiyada qalib müəyyənləşməyib.
Turun digər oyunlarında norveçli dünya çempionu Maqnus Karlsen Hindistan təmsilçisi Vişvanatan Ananda, çinli Dinq Liren Rusiya şahmatçısı Aleksandr Qrişuka, digər rusiyalı Sergey Karyakin isə hollandiyalı Aniş Giriyə qalib gəlib.
Bolqarıstanlı Veselin Topalov və çexiyalı David Navaranın partiyası sülhlə bitib.
İki turdan sonra M.Karlsen, S.Karyakin və D.Liren 1,5 xalla 1-3-cü pilləni bölüşürlər. Ş.Məmmədyarov, T.Rəcəbov, D.Navara, V.Topalov 1 xalla 4-7-ci, V.Anand, A.Qrişuk və A.Giri isə 0,5 xalla 8-10-cu pillədə qərarlaşıblar.
Qeyd edək ki, SOCAR-ın, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. XXII kateqoriyalı superturnirin reytinq favoriti hazırkı dünya çempionu Maqnus Karlsendir. Norveçli dünya çempionu FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət “Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.
Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.
Facebook-da paylaş