MOK-un Ədalətli Oyunlar Komissiyası ötən il fərqlənən idman adamlarını mükafatlandırıb

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Ədalətli Oyunlar Komissiyasının 1998-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başladığını qeyd edib.
O bildirib ki, idmanda ədalət prinsipi ən önəmli faktordur: "Ədalətsiz idman idman deyil. Antidopinq qaydaları da bununla bağlıdır. İdmanda ədalətsizliyin bir hissəsi də hakimlərlə bağlıdır. Referilərin yanlış qərarları idmançıların əziyyətini yerə vurur. Buna görə də diqqətli olmaq lazımdır. İdmanı gözəlləşdirən elə düzgünlükdür. Əgər bu yoxdursa, inkişaf də olmayacaq".
Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev təkcə həyatda deyil, idmanda da ədalətli olmağın, eləcə də insanların bir-birlərinə hörmət etmələrinin vacibliyini vurğulayıb.
Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva idmanının təkcə medal qazanmaqdan ibarət olmadığını bildirib: "Burada ədalət prinsipi, qarşılıqlı hörmət, humanizm də önəmlidir. İdmançılarımızın şəxsi keyfiyyətləri ilə yanaşı, mənəvi dünyasını da diqqətə almaq lazımdır".
Çıxışlardan sonra mükafatlar təqdim olunub. Hikmət Səmədov “Bədən tərbiyəsi və idman xadimi”, paralimpiyaçı Lamiyə Vəliyeva “Ədalətli oyun prinsiplərinə sadiq idmançı”, güləş üzrə məşqçi Cəbrayıl Həsənov “Ədalətli məşqçi”, voleybol hakimi Fuad Ağayev “Ədalətli hakim” mükafatına layiq görülüb.
Ədalətli oyun prinsiplərinə sadiq təbliğatçı mükafatı ATV telekanalının əməkdaşı Sənan Şəfizadəyə təqdim olunub. Həmçinin “Olimpiya dünyası” qəzeti Ədalətli Oyunlar Hərəkatındakı fəaliyyətinə görə mükafatlandırılıb.


Facebook-da paylaş





















