“Enfild”də tarixi sınaq: “Qarabağ”ın rəqibi böhranda

Yanvarın 29-da bütün Azərbaycanın diqqəti Mersisayd sahillərinə yönələcək. UEFA Çempionlar Liqasının VIII turunda “Qarabağ” əfsanəvi “Enfild” stadionunda “Liverpul”un qonağı olacaq. Rəqibin dünya nəhəngi olmasına baxmayaraq, hazırkı durum Azərbaycan çempionunun şanslarının heç də az olmadığını göstərir.
BrendSport.az xəbər verir ki, İngiltərə Premyer Liqasında ard-arda xallar itirən kollektiv hazırda ciddi eniş dövrünü yaşayır. Arne Slotun rəhbərlik etdiyi komanda çempionatın 23-cü turunda səfərdə “Bornmut”a 2:3 hesabı ilə uduzaraq azarkeşlərini növbəti dəfə məyus etdi. Qarşılaşma Premyer Liqada mövsümün ən dramatik görüşlərindən biri kimi yadda qaldı. Bu məğlubiyyət "Liverpul"un müdafiədəki nöqsanlarını üzə çıxardı. Mersisaydlılar bu mövsüm artıq 5-ci dəfədir ki, oyunun son dəqiqələrində qol buraxaraq qələbəni əldən verirlər. Yalnız son saniyə qolları səbəbindən itirilən 7 xal rəqibin psixoloji gərginlikdə olduğunun bariz göstəricisidir.
Müdafiədəki boşluqlar və kapitanın səhvləri
“Liverpul”un müdafiə mərkəzində kapitan Vircil van Deykin son vaxtlar yol verdiyi kobud səhvlər diqqət çəkir. Bu vəziyyət “Qarabağ”ın sürətli hücumçuları üçün yaxşı fürsətlər yarada bilər. Digər tərəfdən, rəqibin hücum xətti də əvvəlki kəsərini itirib. Belə ki, komanda son qarşılaşmalarda qurulan hücumlar vasitəsilə deyil, yalnız künc və cərimə zərbələrindən fərqlənə bilib.
Heyət çatışmazlığı və yorğunluq faktorları
Baş məşqçi Arne Slot uğursuzluqları zədəli futbolçuların çoxluğu və yorğunluqla əlaqələndirir. Müdafiəçilərin yoxluğu səbəbindən yarımmüdafiəçilərin arxa xətdə oynadılması komandanın ümumi balansını pozub. Son 5 matçda cəmi 4 xal toplayan "Liverpul" üzərindəki təzyiq pik həddədir.
“Qarabağ” üçün tarixi fürsət
“Liverpul” üçün bu görüş ardıcıl uğursuzluqlardan sonra mühüm sınaq olsa da, təmsilçimiz üçün möhtəşəm şansdır. Əgər “Qarabağ” oyunun ilk 20 dəqiqəsindəki güclü təzyiqə tab gətirə bilsə, rəqib müdafiəsindəki boşluqlardan istifadə edərək “Enfild”dən tarixi nəticə ilə dönə bilər. Çünki avrokuboklarda daha inamlı təsir bağışlayan və stabil çıxış edən Ağdam təmsilçisi İngiltərə nəhənginin bu zəif anlarını qola çevirmək potensialına malikdir.
Facebook-da paylaş





















