Marneulidə Azərbaycanın tanınmış şahmat hakimi Faiq Həsənov barədə sənədli film nümayiş etdirilib

Marneulidə azyaşlı və yeniyetmə şahmatçılarla görüş keçirilib.
BrendSport.az xəbər verir ki, İnkişaf və Təhsil Mərkəzinin təşkil etdiyi tədbirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, SARAL İnkişaf və Təhsil Mərkəzi və “Tea House” şahmat kursunun üzvləri iştirak ediblər.
İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov çıxış edərək bildirib ki, görüşün məqsədi uşaq və yeniyetmə şahmatçıların şahmat aləminin tanınmış simaları haqda məlumatlanması, dünya görüşünün artırılması, bir-biri ilə ünsiyyət qurması, oyun təcrübələrini paylaşması və şahmata olan marağın artırılmasıdır.
Sonra o, 2025-ci ldə həyata keçirilən layihələr, qazanılan uğurlar və 2026-cı il üçün tədbirlər planı barədə məlumat verib.
Daha sonra Azərbaycan Şahmat Federasiyasının təqdim etdiyi, Azərbaycan şahmatının patriarxı, tanınmış şahmat hakimi Faiq Həsənov barədə “Şahmata həsr edilən ömür” adlı sənədli film nümayiş etdirilib.
Filmdə F.Həsənovun Gürcüstanda və Azərbaycanda yaşadığı illərdə keçdiyi yol və şahmat həyatı haqda geniş məlumat verilir.
Ekran əsərinin nümayişindən sonra şahmatçılar arasında dostluq turniri keçirilib.


AZƏRTAC
Facebook-da paylaş





















