Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sumqayıt”ın baş məşqçisi: İnanıram ki, avrokubok və çempionat oyunlarında əvvəlki səhvləri təkrarlamayacağıq



“Məşqlərimiz daha çox fiziki yüklənmələr üzərində oldu. Bunun da məqsədi o idi ki, hazırlığın ikinci mərhələsində daha çox taktiki məşqlər üzərində çalışmağı planlaşdırırdıq”.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov bu gün başa çatan Ankara toplanışı barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis yaradılan şəraitə baxmayaraq, yay hazırlıq dövrünün futbolçular üçün ağır keçdiyini bildirib: “Bunun öhdəsindən layiqincə gəlməyə çalışırıq. Çünki bizi qarşıda Konfrans Liqasında ağır oyunlar və bütöv bir mövsüm gözləyir. Ümumi götürsək kollektivdə ab-hava yüksək səviyyədədir. Yaxşı şəraitdə məşqlər keçdik. Hazırlıq planlarımızı demək olar ki, tətbiq edə bildik. Komandamıza 4 yeni futbolçu qoşulub. Rəhim Sadıxov daha əvvəl də bu komandada çıxış etdiyi üçün uyğunlaşma problemi yaşamadı. Əcnəbilərin komandaya uyğunlaşma prosesinin asanlaşması üçün isə həm futbolçular, həm texniki heyət canla-başla çalışır. Yeni transferlərimizin hər biri məşqlərdə gözəl təsir bağışlayır, lakin onların oyun üslubumuza tam öyrəşə bilmələri üçün bir neçə matç keçirməli olacaqlarını da qeyd etməliyəm. Bundan əlavə, bəzi mövqelərə yeni oyunçu axtarışımız davam edir. Bu prosesi hələ yekunlaşdırmamışıq. Dəfələrlə demişəm ki, hazırlıq planlarımızı sadəcə Konfrans Liqası oyunları üçün deyil, bütün mövsüm üçün qurmuşuq. Bu xüsusda çalışırıq”.

O, komandasının hazırlıq oyunlarındakı çıxışını da dəyərləndirib: “Yoxlama matçlarını 2 hissəyə bölmək olar. İlk iki oyun ağır fiziki yüklənmələrin ardından baş tutmuşdusa, “Adana Demirspor” qarşı keçirdiyimiz son görüş tamam başqa məcrada keçdi. Yoxlama oyunlarında qeydə alınan hesablar o qədər də önəmli deyil. Əsas məqsəd futbolçuların onlara verdiyimiz tapşırıqları meydanda düzgün icra etməsi idi ki, mənə elə gəlir, onlar bu işin öhdəsindən gələ bildilər. Təbii ki, bir sıra səhvlərimiz də oldu. Lakin mən futbolçularımı tanıyıram, onlara güvənirəm. İnanıram ki, avrokubok və çempionat oyunlarında bu səhvləri təkrarlamayacağıq”.

S.Abasov sonda azarkeşlərdən dəstək istəyib: “Bizim üçün azarkeş anlamı tək fanat qruplarından yox, bütün Sumqayıt sakinlərindən ibarətdir. Sumqayıtlılar çətin zamanlarda bizi heç vaxt dəstəksiz qoymadılar. Stadionu doldurdular, doğma komandalarını dəstəklədilər. Biz də bunun qarşılığında uğurlu nəticələrə imza ataraq bu gün bu yerlərə gəlib çıxmışıq. İnanıram ki, Konfrans Liqasında “Fehervar”la oyunda, çempionat qarşılaşmalarında yenə də stadionda yerlərini alıb, bizi qələbəyə səsləyəcəklər. Bir daha vurğulayıram ki, bu yerlərə onların dəstəyi ilə gəlib çıxmışıq və bundan sonrakı uğurlarımıza da onlarla birlikdə addımlamaq istəyirik”.


Facebook-da paylaş

Xəbəri paylaş