Çingiz Hüseynzadə: Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir
"Bu gün Suqovuşanda start götürən “Prezident Kuboku-2024" beynəlxalq reqatasında 21 ölkədən 30 komanda iştirak edir. İştirakçı ölkələrin sayı hər yarışda daha da artır. Bu da bu turnirə olan maraqdan irəli gəlir".
BrendSport.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən MOK rəsmisi turnirin gənc idmançılar üçün böyük təcrübə olduğunu bildirib: "Yarışda ən gənc avarçəkənlərimiz öz bacarıqlarını nümayiş etdirirlər. Bu turnir onlar üçün böyük təcrübədir. Ümumiyyətlə, son illərdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası çox gözəl işlər həyata keçirir. Bu baxımdan federasiyanın fəaliyyəti çox müsbət qiymətləndirilir. Federasiyanın səyi nəticəsində bu idman növü üzrə yarışlar Mingəçevirdə ənənəvi olaraq uğurla təşkil olunur".
MOK-un vitse-prezidenti akademik avarçəkənimiz Diana Dımçenkonun "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə də danışıb: "Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını Paris-2024-ə lisenziya qazanması münasibətilə təbrik edirəm. “Tokio Olimpiadasında komandamız bu idman növündə iştirak etməmişdi. 2016-cı ildən sonra yenidən Olimpiya Oyunlarında avarçəkmədə təmsil olunmağımız böyük fərəh hissi doğurur. Olimpiadaya gələn hər bir idmançı medala iddialıdır. Ümid edirəm ki, Diana Dımçenko Parisdə yaxşı nəticə göstərəcək. Federasiyanın əsas məqsədi "Los-Anceles-2028" Yay Olimpiya Oyunları ilə bağlıdır. Federasiya həmin yarışda bir neçə idmançı ilə təmsil olunmağı qarşısına məqsəd qoyub. Düşünürəm ki, AKAF bu stabilliyi qoruyub saxlasa, gələcəkdə güclü avarçəkənlərimiz olacaq".
Qeyd edək ki, “Prezident Kuboku-2024” reqatasına mayın 3-də yekun vurulacaq.
Facebook-da paylaş