Musa Qurbanlı: “Qol şansını qaçırdığım üçün məyusam”
“Lütsern”lə oyunda əlimə düşən qol şansını qaçırdığım üçün məyusam”.
BrendSport.az xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Lütsern”ə məğlub olduqları (1:2) oyunla bağlı danışarkən deyib.
Stokholmdakı qarşılaşmanın ikinci hissəsində əlverişli vəziyyəti qola çevirə bilməyən 21 yaşlı hücumçu bunu sığortalayacağına inanır: “Adətən belə imkanlardan daha yaxşı yararlanıram. Növbəti şansı əldə etməyə çalışacağam”.
21 yaşlı forvard nəticənin onları qane etmədiyini söyləyib: “Nəticə yaxşı olmadı. Bu, məyusedicidir. Amma təslim olmayacağıq. Cavab görüşündə vəziyyəti dəyişməyə çalışacağıq”.
Gənc futbolçu hələ ideal formada olmadığını etiraf edib: “Mümkün olan ən yaxşı fiziki formama çatmaq üçün mənə bir az vaxt lazımdır. İsveçdə mövsümün ortasındayıq və buradakı futbolçular artıq 15-dən çox oyun keçiriblər. Sabiq komandamla təlim-məşq toplanışında idim, ancaq yaxşı formaya düşmək üçün bir qədər oyun vaxtı lazımdır. Fiziki durumumu yaxşılaşdırmaq üçün bir neçə görüş kifayət edər. Həm də komandanı daha yaxşı tanımalıyam ki, meydanda qarşılıqlı əlaqə yüksək səviyyədə olsun. Bir neçə qarşılaşmadan sonra hər şey yaxşı olacaq”.
Musa Qurbanlı əlavə edib ki, yeni komandasında və yaşadığı Stokholmda hər şeydən razıdır: “Şəhər, insanlar - bir sözlə, burada hər şey çox gözəldir. Azarkeşlərimiz isə möhtəşəmdirlər. Meydançaya çıxanda güclü atmosferi hiss edirik. Bu, bizi motivasiya edir”.
Qeyd edək ki, “Yurqorden”lə “Lütsern” arasında cavab oyunu avqustun 3-də ikincilərin meydanında keçiriləcək.
Facebook-da paylaş