Fransadakı etirazlar ucbatından Monako Qran-Prisi baş tutmaya bilər
Formula 1 çempionatının Monako mərhələsi Fransadakı etirazların bir hissəsi olan elektrik enerjisi kəsilməsi ehtimalına görə pozulma təhlükəsi ilə üz-üzədir.
BrendSport.az xəbər verir ki, Fransada pensiya yaşı 62-dən 64-ə yüksəldiləcək və əhali bundan sonra yalnız azı 43 il işlədikləri təqdirdə tam pensiya almaq hüququna malik olacaq. Ölkədə çoxsaylı etiraz aksiyaları keçirilir. Etirazçılar arasında “CGT Energie” energetika sektorunda çalışanların həmkarlar ittifaqları da var.
Fransa Prezidenti Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi üçün vətəndaşlardan 100 gün möhlət istəyib, lakin həmkarlar ittifaqları buna cavab olaraq 100 gün hərəkət və qəzəb vəd edib. Məsələn, həmkarlar ittifaqları Monako Qran-Prisi və “Roland Garros” tennis turniri kimi iri tədbirlər zamanı elektrik enerjisinin kəsilməsi barədə niyyətini bildirib.
Daha əvvəl “CGT Energy” iki dəfə - Monpelye hava limanında və Ero şəhərində Makronun ziyarət etdiyi məktəbdə elektrik enerjisinin söndürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, Monako Qran-Prisi 26-28 may tarixlərinə planlaşdırılıb.
Facebook-da paylaş